Baş Qərargah rəisi: “Ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı qorunur”

0
302

Bakı Qarnizonu hərbi hissələrinin şəxsi heyətinin, şəhid ailələri üzvlərinin və müharibə veteranlarının iştirakı ilə Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Müdafiə nazirinin salamlarını və təbriklərini toplantı iştirakçılarına çatdırıb.
General-polkovnik K.Vəliyev qeyd edib ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz buraxıb və bu siyasət hazırda Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilib ki, Prezidentimiz gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, habelə gənclər təşkilatlarının formalaşması və inkişafına böyük diqqət yetirir.
“Gənclərin hərbi xidmətə hazırlanması, onların milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Məhz Vətən sevgisi Azərbaycan gənclərini torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərə qatılmağa sövq etdi”, – deyə Baş Qərargah rəisi bildirib.
O, vurğulayıb ki, gənclərimiz Azərbaycan Ordusunda xidmət keçməkdən şərəf duyur və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirir. “Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir. Səngər və döyüş mövqelərində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı qorunur”.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi adından ordu gənclərinə xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.