Baş infeksionist: “Risk qrupuna daxil olan insanların vaksinasiya prosesini tamamlaması arzuolunandır”

0
190

“Pandemiya ilə mübarizədə əldə edilmiş nailiyyətləri qorumaq üçün, xüsusən risk qrupuna daxil olan insanların vaksinasiya prosesini tamamlaması arzuolunandır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.

O xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin mart ayında yeni koronavirus infeksiyasını ictimai səhiyyədə beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi dəyərləndirib:

“İndiyədək bu qərar qüvvəsini saxlamaqdadır. Bu, o deməkdir ki, beynəlxalq ekspertlər hələ də təhlükənin tam bitmədiyini göz önünə alırlar. Hazırda Azərbaycanda epidemioloji durum xeyli qənaətbəxşdir, infeksiyaya yeni yoluxmalar və aktiv xəstələrin sayı minimaldır. Əhalidə pandemiya ilə bağlı stress vəziyyəti artıq qeyd olunmur. Bu müsbət hal olsa da müəyyən qədər arxayınlıq yaradır. Qarşıdan soyuq aylar gəlir və bu aylarda bir sıra respirator viruslar, o cümlədən qrip infeksiyası baş qaldırır. Həm koronavirus, həm də hava-damcı üsulu ilə yayılan digər kəskin respirator virus infeksiyalarından qorunmaq tədbirləri eynidir. Ona görə də sayıqlığı əldən verməyərək başa düşməliyik ki, istənilən halda bu qoruyucu tədbirlərə riayət etmək bizləri bütün bu xoşagəlməz yoluxma və xəstələnmə hallarından qoruyar. Koronavirus infeksiyasının bu gün səngiməsi əhalidə kollektiv immunitetin formalaşması ilə bağlıdır. Bu immunitet həm xəstəliyi keçirməklə, həm də vaksinasiya nəticəsində formalaşır. Lakin vaksin olunanların sayı xəstəliyi keçirənlərdən qat-qat çoxdur. Bununla belə qazanılmış bu immunitet zaman keçdikcə zəifləyir. Pandemiya ilə mübarizədə əldə edilmiş nailiyyətləri qorumaq üçün, xüsusən risk qrupuna daxil olan insanların vaksinasiya prosesini tamamlaması arzuolunandır”.