“Barselona”nın sabiq prezidenti Luiş Fiqunu satqın adlandırdı

0
367

“Barselona” klubunun sabiq prezidenti Сoan Qaspart futbolçu Luiş Fiqunun Madridin “Real” klubuna qalmaqallı keçidindən danışıb.

C.Qaspart portuqaliyalı futbolçu haqda sərt fikirlər səsləndirib:

“Fiqu satqın idi. Klubun prezidenti seçildiyim gün mənə zəng edərək, iki biletinin olduğunu söylədi: biri Madridə, digəri Barselonaya. Fiqu agentinin “Real”la müqavilə bağladığını, sənədə imza atmayacağı təqdirdə üç milyon avro cərimə ödəməli olacağını bildirdi.

Agentini pis vəziyyətdə qoymaq istəmədiyini, lakin “Barselona” cərimənin pulunu ödəyərsə, klubda qalacağını əlavə etdi. Mən isə qeyd edilən məbləği ödəyəcəyimizə söz verdim. Fiqu bank zəmanəti ilə sənəd almağımı istədi, amma gecə saatları olduğundan bunu edə bilməyəcəyimi dedim.

Öhdəlikləri götürəcəyimə zəmanət verdim, lakin o, “Real”a keçdi. Bu, “Real”ın prezidenti Florentino Peresin çirkin və məkrli hərəkəti idi”.

Xatırladaq ki, Luiş Fiqunun “Barselona”dan “Real”a keçidi 2000-ci ildə baş tutub. Transferin məbləği 60 milyon avro təşkil edib