Son dövrlərdə bir sıra banklar SMS məlumatlandırma xidmətlərinin tariflərində dəyişikliklər edib. Müştərilər üçün vacib olan bu xidmətin qiymətində artım müşahidə olunur.
Biznes və maliyyə xəbərləri agentliyi xəbər verir ki, bu dəyişikliklər son il yarımda, yəni 2023-cü ilin noyabrından 2025-ci ilin fevralına qədər keçən dövrün müqayisəsində aydın görünür.
Belə ki, «Kapital Bank»da 2023-cü ilin noyabrında 1 AZN olan SMS xidmətinin aylıq ödənişi 3 AZN-ə yüksəlib. Eyni tendensiya «Unibank»da da müşahidə edilir – burada da xidmət haqqı 1 AZN-dən 3 AZN-ə qaldırılıb. «Expressbank» müştəriləri isə əvvəl 0,90 AZN ödədikləri xidmətə indi 2,50 AZN verməli olacaqlar.
Digər banklarda da qiymət artımları qeydə alınıb. «Ziraat Bank Azərbaycan»da tarif 2 AZN-dən 3 AZN-ə, «AFB Bank»da isə 0.95 AZN-dən 1 AZN-ə yüksəlib.
«Premium Bank» isə daha fərqli bir yanaşma tətbiq edərək aylıq 0.90 AZN (illik 10,8 AZN) olan ödənişi ləğv edib və indi bu xidməti illik 20 AZN-ə təklif edir. “Bank BTB”-də isə qiymət 1,30 AZN-dən 5 AZN-ə kimi artıb.
«Bank Respublika» əvvəl müəyyən kartlar üçün SMS xidmətini pulsuz təqdim edirdi, digər kartlar üçün isə aylıq 0,99 AZN tarif tətbiq edirdi. Lakin indi bütün kartlar üçün aylıq 2 AZN məbləği müəyyən edilib və əlavə olaraq, ay ərzində 100-dən çox SMS göndərildikdə hər mesaj üçün 0,06 AZN tutulur.
«Bank of Baku»da əvvəllər birdəfəlik 5 AZN olan xidmət haqqı dəyişdirilib. Hazırda «Dostbank» mobil tətbiqi vasitəsilə məlumatlandırma pulsuz olsa da, fevralın 28-dən etibarən xidmət haqqı kartın müddəti bitənədək 15 AZN olacaq.
«Yapı Kredi Bank Azərbaycan»ın «Pulkart» sahibləri üçün əvvəl olduğu kimi 6 aylıq 5 AZN və 1 illik 10 AZN tarifləri qüvvədə qalsa da, əvvəllər «Worldcard» kartları üçün pulsuz təqdim edilən xidmət indi aylıq 1 AZN məbləğində ödəniş tələb edir.
«Azər-Türk Bank»da isə tariflər sadələşdirilib. Əvvəllər müxtəlif kartlar üzrə fərqli ödənişlər tətbiq olunurdu, bəzi kartlar pulsuz idi. İndi isə bütün kartlar üçün aylıq xidmət haqqı 1 AZN olaraq müəyyən edilib.
«Xalq Bank»da əvvəllər yalnız «World MasterCard Black Edition» və «Visa Infinite» kartları üçün xidmət pulsuz idi, digər kartlar üçün isə aylıq 1,18 AZN tutulurdu. Lakin son dəyişikliklərdən sonra bütün kartlar üzrə xidmət haqqı aylıq 2 AZN olub.
«Yelo Bank» isə 2023-cü ilin noyabr ayında «Premium» kartlar üçün SMS banking-i pulsuz saxlamışdı. Digər kartlar üçün isə 1,20 AZN tutulurdu. Fevral 2025-dən etibarən «Visa Infinite» kartları üçün xidmət pulsuz qalsa da, digər kartlar üzrə aylıq 2 AZN tarif tətbiq olunacaq.
Bəzi banklar isə digər rəqiblərinə nisbətən səxavətli davranıb və qiyməti dəyişdirməyib.
«Azərbaycan Beynəlxalq Bankı (ABB)», «Turan Bank», «Bank Avrasiya», «Azərbaycan Sənaye Bankı» və «Paşa Bank» bu siyahıya daxildir.