AŞ PA-nın yanvar sessiyasını anti-Azərbaycan iclasına çevirmək cəhdləri davam edir – reaksiya
Beynəlxalq qeyri-hökumət təşkilatları Avropa Şurası Parlament Assambleyasını (AŞ PA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıb. 10 beynəlxalq hüquq-müdafiə təşkilatı AŞ PA üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
“Biz, aşağıda imza edənlər 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq”, – müraciətdə deyilir.
Müraciət müəllifləri hesab edir ki, Bakı “daim beynəlxalq mexanizmlərlə əməkdaşlığın olmamasını nümayiş etdirir və insan hüquqlarının sistemli şəkildə pozulmasını həll etmir”.
Müraciətin sonunda deyilir ki, Azərbaycan nümayəndə heyətinin AŞ PA-ya qayıtması üçün saxlanılan vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin və hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi vacibdir. Həmçinin Avropa Məhkəməsinin siyasi motivli həbslər barədə qərarlarının tam yerinə yetirək, AŞ PA və İşgəncələrin Qarşısının Alınması Komitənin məruzəçiləri ilə əməkdaşlığı bərpa etmək, QHT-lər haqqında məhdudlaşdırıcı qanunvericiliyin ləğvi kimi absurd tələblər qoyulub.
Müraciəti imzalayanlar sırasında ənənəvi olaraq anti-Azərbaycan mövqeyi ilə tanınan Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi kimi təşkilatlar da var.
Məlumdur ki, AŞ PA ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.
Qərarı dörd əsas “səbəb”ə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul ediblər. Bu “səbəblər” arasında 2023-cü ildə Azərbaycanın AŞ PA məruzəçilərinin Laçın dəhlizinə daxil olmasına icazə verməməsi, insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması və AŞ PA-nı 7 fevral prezident seçkisini qiymətləndirməyə dəvət etməkdən imtinası vardı.
Elə həmin gün Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Azərbaycanlı deputatlar verdikləri qərarı qurumda Azərbaycanla bağlı irəli sürülən qətnamənin ölkəyə qarşı “qarayaxma kampaniyası” olması ilə əlaqələndiriblər.
AŞ PA-nın yanvarın 27-də başlayacaq sessiyasında isə Azərbaycana yeni hücum gözləniləndir. Hələ iki ay əvvəl anti-Azərbaycan xoruna başçılıq edən Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe yanvar sessiyasında Bakıya qarşı sərt siyasətin davam etdirilməsinə çağırış etmişdi. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sabiq sədri Səməd Seyidov “BBC News”a müsahibəsində bu qurumu “hələ də Azərbaycana qarşı tamamilə obyektivlikdən uzaq olan mövqe” sərgiləməkdə” ittiham edib. Səməd Seyidov hesab edir ki, öz daxilində “böhran yaşayan” bir qurum Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı hansısa bəyanat verə bilməz: “Hazırda Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında heç bir dialoq mövcud deyil. Bu qurum özünü elə bir quyuya salıb ki, buradan onun qısa zamanda çıxması inandırıcı deyil. İndi isə AŞ PA, Avropa Birliyi, ABŞ ətrafındakı proseslər tamamilə fərqli istiqamətdə cərəyan etməyə başlayıb.
AŞ PA müstəqil təşkilat deyil. Bu qurum öz müstəqilliyini çoxdan itirib. İki kontekstdə təşkilat nüfuzunu heçə endirdi”.
Hikmət Babaoğlu
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, 10 insan hüquqları müdafiə təşkilatının müraciəti hər şeydən öncə Avropa Şurasının öz prinsiplərinə ziddir: “Çünki Avropa Şurası Avropa İttifaqının İnsan Hüquqları üzrə ixtisaslaşmış struktur vahididir. Avropa Şurasının nizamnaməsində qeyd edilir ki, Avropa Şurası Parlament Assambleyasının məcburi qanunlar qəbul etmək səlahiyyəti yoxdur. Ona görə də hər hansı bir icrası məcbur olan qanunu AŞ PA qəbul edə bilməz. AŞ PA-ya həmin müraciətdə siyasi məqsədlər var. Siyasi məqsədlər isə heç bir halda insan hüquqları üzrə ixtisaslaşmış institutun nizamnamə fəaliyyəti ola bilməz. Göründüyü kimi, burada əgər kimsə demokratiya axtarırsa, AŞ PA-nın fəaliyyətinə baxmalıdır. Çünki AŞ PA-nın Azərbaycana münasibətdə sərgilədiyi bu mövqe həm insan hüquqlarına, həm də demokratiyaya ziddir. İkinci məsələ ondan ibarətdir ki, burada şantaj və təzyiq elementləri var. Müraciətdə qeyd olunur ki, Azərbaycanın AŞ PA-da fəaliyyətinin bərpa olunması üçün ölçü meyarları hazırlamaq lazımdır. Yəni bu ölçü meyarları əslində AŞ PA üzvü kimi Azərbaycanın davranışlarını və hüquqlarını məhdudlaşdırmaq deməkdir. Göründüyü kimi, bu da Avropa Şurasının fəaliyyət prinsiplərinə ziddir. Hər hansı bir dövlətin fəaliyyəti ilə bağlı ayrıca meyarların tətbiq olunması və bunların məhdudlaşdırıcı olması hüquqla daban-dabana ziddir. Bütövlükdə AŞ PA üzvlərinin hamısına standart qanunlar tətbiq olunur və olunmalıdır. Necə ola bilər ki, Azərbaycan üçün ayrıca əlahiddə meyarlar müəyyənləşdirilsin və Azərbaycanın qurumda fəaliyyətinin bərpası üçün bu meyarların yerinə yetirilməsi tələb olunsun? Bəs onda AŞ PA-nın özünün ümumi prinsipləri harada qaldı? Görürsünüzmü, nə hüquqi baxımdan, nə məntiqi nöqteyi-nəzərdən tənqidə dözmür. Ona görə də o cür çağırışların edilməsinin özü qeyri-qanunidir. Amma bu da məsələnin hamısı deyil. Əgər biz müraciət edən 10 hüquq-müdafiə təşkilatını araşdırsaq, görəcəyik ki, bunları bir araya gətirib təşkilatlandıran vahid mərkəz var. Bu mərkəz çox güman ki, erməni lobbisi və ya Fransa ilə əlaqəli olacaq ”.
Deputat hesab edir ki, AŞ PA deputatları siyasi avantüraya gedib təşkilatı bir daha nüfuzdan salmamalıdırlar: “Onsuz da AŞ PA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qərara çoxsaylı üzv ölkələr etiraz ediblər və təzyiqin Azərbaycanın üzərindən götürülməsi üçün müraciət eləyiblər. Yaxşı olar ki, AŞ PA-nın növbəti sessiyasında bu məsələyə baxılsın. Əks təqdirdə, Azərbaycan bu təşkilata üzv olmaqdan və ya olmamaqdan heç bir şey itirmir. Çünki əgər söhbət insan hüquqlarından gedirsə, demokratiyanın inkişafından, fikir plüralizmindən gedirsə, bu, Azərbaycanda konstitusion normadır. AŞ PA olsa da, olmasa da Azərbaycan bu dəyərlərə sadiqdir. AŞ PA özünü elə aparmalıdır ki, onun davranışları onun nizamnamə və prinsiplərinə zidd olmasın. Ümid edək ki, AŞ PA soyuqqanlı qərar qəbul edəcək və o müraciəti, ümumiyyətlə, gündəliyə çıxarmayacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”