Bakının tramvay keçəcək ünvanları məlum oldu – SİYAHI + RƏSMİ

0
415

Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri də tramvay xətlərinin bərpa olunmasıdır.

Ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu məsələnin gündəmdə olduğunu bildirmişdi.

Hazırda vəziyyət nə yerdədir? Suala cavab tapmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumun Mətbuat Xidmətindən  cavab olaraq bildirdilər ki, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır.

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakı şəhərinin Baş planında nəzərdə tutulan tramvay xətləri ilə bağlı aidiyyəti qurumlarla razılaşma və müzakirələr aparılır”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsinin hansı quruma həvalə olunması da müzakirə obyektidir.

Xatırladaq ki, C.Qurbanov Bakıda çəkiləcək tramvay xətlərinin sxeminin müzakirə olunduğunu bildirmişdi:

“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.

Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbələrini əhatə edəcək”, – deyə o qeyd edib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.