Binəqədi rayonundakı yeni binanın sakinləri tikinti şirkətinin sahibinə qarşı kütləvi etirazlarını bildiriblər. Sentyabrın 26-da 100 nəfərə yaxın insan Əcəmi Naxçıvani küçəsindəki 3068-ci məhəllədə yerləşən yaşayış binasının həyətinə toplaşıb.
Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Narahatlığa səbəb “Olimpik” MTK tikinti şirkətinin sahibi Lətif Kərimovun sakinlərə aldıqları mənzillər üçün sənəd verməkdən imtina etməsi olub. Ev sakinləri polisə şikayət edərək iş adamının sənədlər üçün onlardan pul tələb etdiyini söyləyib.
Operativ qrup hadisə yerinə gedərək çox sayda etirazçı ilə qarşılaşıb. Etirazçılar polisə mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar olaraq Prezident Administrasiyasının qarşısında etiraz etmək niyyətində olduqlarını və bütün aidiyyəti orqanlara şikayət edəcəklərini bildiriblər.
Lətif Kərimov hüquq-mühafizə orqanlarına sakinlərə sənəd verməməsinin səbəbi kimi kommunal xərclərə görə borclarını ödəməmələrini göstərib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sakinlərlə profilaktik söhbət aparıb, bunun ardından aksiya dağıdılıb.
Qeyd edək ki, Bakıda şirkət rəhbərlərinin vəzifələrindən sui-istifadə edərək sakinlərə mənzil sənədləri verməməsi hallarına tez-tez rast gəlinir.
Hazırda faktla bağlı araşdırma aparılır.