Bakıda qeydiyyata düşmək asandır? – VİDEO

0
196

Bakıda daimi qeydiyyatı olmayanların pul müqabilində öz evində qeydiyyata salınması ilə bağlı sosial şəbəkədə elan yayılıb.

Bunu təklif edən xanım qeydiyyatın daimi olduğunu vəd edib və artıq 50 nəfəri şəxsi mənzilinə qeydiyyata saldığını bildirib.

Bəs görəsən, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Bir evə qeydiyyata düşməklə bağlı hansısa məhdudiyyət varmı?

Vəkil Hikmət Əliyev məsələ ilə bağlı bildirib ki, mülkiyyətçi öz yaşayış sahəsinə istənilən sayda şəxsi qeydiyyata sala bilər. Lakin sosial şəbəkələrdə bununla bağlı reklam yaymaqla tanımadığı şəxsləri pul müqabilində qeydiyyata salmaq, məsələdən biznes olaraq istifadə etmək düzgün deyil:

“Buna baxmayaraq, bu məsələ qanunvericiliklə tənzimlənmir. Bu tip qanunsuz fəaliyyətlə məşğul olan, gəlir əldə edən şəxslərin məsuliyyəti müəyyən olunmamışdır. Bu hal qanunvericilikdə olan boşluq kimi də qiymətləndirilə bilər. Qeydiyyata düşmək üçün pul verən şəxslər bir müddət sonra problemlərlə üzləşə bilərlər. Çünki mülkiyyətçi onları pul müqabilində qeydiyyata salır və bir müddət sonra isə məhkəmədə iddia qaldırmaqla həmin şəxsləri qeydiyyatdan çıxara bilər. Nəticədə qeydiyyata düşmək üçün ödəniş edən şəxslərin pulları batmış olar”.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev isə bildirib ki, artıq sözügedən məsələ ilə bağlı araşdırma aparılır.