Bakıda “ölüm zonası”: Burada yaşayanlar təhlükə qarşısındadırlar

0
78

Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada ikinci sırada dayanır. Belə vulkanların böyük əksəriyyəti isə Abşeron yarımadası və Qobustan rayonu ərazisində yerləşir.

Hazırda Bakının bir sıra qəsəbələrində yerləşən vulkan ocaqlarının bir çoxunun üzərində yaşayış təyinatlı evlər tikilib. Hətta bu tip evlərin demək olar ki, hamısında kommunal xətlər də mövcuddur. İstənilən vaxt fəallaşabilən palçıq vulkanları isə həmin ərazidə yaşayan sakinlər üçün birbaşa həyati təhlükə yaradır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan memar Faiq İsmayılov bildirib ki, vulkanik və sürüşmə zonalarında tikilən evlərin hamısı qanunsuzdur:

“Vulkanik ərazilərdə və yaxud sürüşmə zonalarında tikilən evlərin hamısı qeyri-qanunidir. Biri var ki, hansısa təbii fəlakət və ya yer sürüşməsi olsun. Lakin bilərəkdən gedib vulkan ərazisində ev tikmək birmənalı olaraq qanunsuzdur. Bu məsələyə münasibət bildirmək dövlətin öz işidir. Artıq burada tikintilərin hüquqi baxımdan müdafiə oluna biləcək tərəfi yoxdur. Çünki bu kimi ərazilərdə tikilən evlər kimlərinsə, hansısa məmurların mənafeyi baxımından müəyyən qədər vəsait alınmaqla tikilib”.

“Belə evlər istənilən vaxt vulkan təhlükəsi ilə qarşı-qarşıyadır və onlar belə hallardan sığortalanmayıb. Bu baxımdan vulkanik ərazilərin yenidən baxışı keçirilməli və analizlər aparılmalıdır. Sabah vulkan püskürən zaman onun radiusu, yayılma istiqaməti dəqiq öyrənilməlidir. Bundan sonra orada yaşayan əhaliyə nisbətən hansısa köməklik etməyin meyarı müəyyən oluna bilər. Buna başqa cür əncam çəkmək mümkünsüzdür”, – F.İsmayılov qeyd edib.