Bakıda keçiriləcək Avropa Qayaüstü İncəsənəti Gününün proqramı rəngarəngdir

0
709

Avropa Şurası tərəfindən hər il oktyabrın 9-nun Avropa Qayaüstü İncəsənəti Günü kimi qeyd edilməsi elan olunub və bu hadisə “Avropa İrs Günləri” layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxil edilib. Bu əlamətdar günlə bağlı üzv ölkələr tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən  bildirilib ki, qurumun “İçərişəhər” Muzey Mərkəzi də oktyabrın 9-da keçiriləcək beynəlxalq tədbirə qatılacaq və tədbirlərin təşkilatında böyük rol oynayacaq.

Belə ki, həmin gün Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunda “Açıq qapı” günü elan edilib. Qoruq İdarəsinin konfrans zalında PRAT-CARP (Prehistoric Rock Art Trails/ Cultural Routes of the Council of Europe ) təşkilatının elmi eksperti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova “Bəşəriyyətin ilk incəsənəti” adlı mühazirəsi dinləniləcək.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən mövzuya aid “Pantomima səhnəsi” və maraqlı təqdimatlar nümayiş olunacaq. Silsilə tədbirlər çərçivəsində oktyabrın 11-də Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Ağacəkmə aksiyası” həyata keçiriləcək.