Bakıda içməli su probleminin həlli üçün hansı addımlar atılır? – RƏSMİ

0
508
hand pouring a glass of water from filter tap, blue background

 

Son günlər vətəndaşlar tərəfindən sosial şəbəkələrdə su problemi ilə bağlı paylaşımlar edilir.

Paytaxt sakinləri içməli suyun azlığından şikayətlənirlər.

Qeyd olunan ərazilər isə Xətai rayonunun Əhmədli, Suraxanı rayonunun Günəşli, Xəzər rayonunun Binə qəsəbələri, Binəqədi və Nərimanov rayonlarının əraziləridir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar qurumun Kür Sutəmizləyici Qurğularında üzən nasos stansiyalarının ətrafında lil əmələ gəldiyini vurğulayıb.

O bildirib ki, su nasoslarının ətrafı artıq lildən təmizlənib və xüsusi karantin günlərində əhalini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə mənbələrdən verilən su artırılıb:

“Qurumun əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Kür Sutəmizləyici Qurğularında üzən nasos stansiyalarımızın ətrafı lildən təmizləndikdən sonra çaydan suyun götürülməsi yaxşılaşdırılıb. Artıq mərhələli şəkildə Kürdən götürülən suyun abonentlərə çatdırılmasını təmin edirik. Eyni zamanda, Ceyranbatan Su Anbarından abonentlərə verilən su artırılıb. “Azərsu”nun Kommunikasiyalara Nəzarət, İstismar və Operativ İdarəetmə şöbəsinin əməkdaşları rejim tənzimləmələri həyata keçirir. Bunun məqsədi bütün abonentləri içməli su ilə təmin etməkdir”.

A.Cəbrayıllı onu da əlavə edib ki, ötən günlərdə içməli su ilə bağlı problem olan ərazilərin böyük hissəsində bu məsələ həll olunub:

“Rejim tənzimləmələri nəticəsində paytaxtın su ilə bağlı problemli ərazilərinin böyük hissəsinə içməli suyun verilişi tam bərpa olunub. Paytaxtın Nəriman Nərimanov ərazisində su ilə bağlı problem yoxdur. Binəqədi rayonunun Binəqədi qəsəbəsinin 3-cü mədən ərazisində, Gülüstan yaşayış massivinin, Sulutəpə qəsəbəsinin, Masazır qəsəbəsinin, eləcə də Suraxanı rayonunda Samir Əliyev küçəsinin bir hissəsi, Xəzər rayonunun bəzi ucqar yerlərində suyun verilməsi ilə bağlı görülən tədbirlər davam etdirilir”.

“Su ilə bağlı problemlərin əksəriyyəti insanlar tərəfindən fərdi qaydada yaradılan şəbəkələrdə müşahidə edilir və bu, bütün əraziyə şamil edilməməlidir. Həmin ərazilərdə sakinlər tərəfindən salınan su şəbəkələri tikinti norma və qaydalarına cavab vermir. Diametri kiçik olan borularla uzaq məsafələrə su xətləri çəkilib. Bu məqamlar özü də suyun təzyiqinin aşağı düşməsinə təsir göstərir. Amma buna baxmayaraq, dünən su ilə bağlı problem olan ərazilərə “Azərsu” ASC-nin su maşınları vasitəsilə içməli su yardımı olunub. Biz vətəndaşlarımızı anlayırıq, bu istiqamətdə problemləri həll etmək məqsədilə qrafiklər azaldılır. Lazımi bütün tədbirlər həyata keçirilir”, – deyə qurum rəsmisi qeyd edib