Bakı – Qafqazın ilk qadın üsyanının şəhəri

0
1055

Yəqin fikir vermisiniz, axır vaxtlar bizdə lokal etirazlar zamanı ön plana daha çox qadınlar çıxır. Hansısa küçəyə su verilmir, hansısa məhəllənin yolu bərbaddır, hansısa bina qəzalı vəziyyətdədir, hər an orada yaşayanların başına uça bilər, hansısa məktəbdə rüşvət yığırlar, harasa qaz gəlmir, bütün bunlara qarşı etiraza qalxanlar, məsələn, yolu bağlamağa çalışanlar, jurnalist çağırıb kamera və mikrofonlara odlu-alovlu danışanlar adətən qadınlar olurlar.

Hərə bunu bir səbəblə izah edir: kiminə görə, ailələrdə işləyənlər əsasən kişilərdir, odur ki, işlərini itirməkdən çəkinirlər və evdar qadınları qabağa verirlər. Kiminə görə, polislər qadınlarla müqayisədə kişilərə qarşı daha aqressivdirlər, rahatca qollarını burub PPX maşınlarına oturda, bölmələrə apara bilərlər.

Səbəbləri nə olur olsun, sosial tələbli lokal, məhəlli etirazların son illərdə aparıcı qüvvəsini qadınların təşkil etdiyi aydın görünən gerçəklikdir. Əksəriyyət hətta buna görə belə etirazlara ciddi yanaşmamağın tərəfdarıdır. Əsas isə tipik şərqli yanaşmasıdır: “Qadınlardır də… Onsuz da danışıb-danışıb dağılışacaqlar”.

***

İllərdən 1916-cı il. Günlərdən 14 fevral. Hansı ki indi biz onu, olsa-olsa, “Sevgililər günü” kimi bilirik. Ya da şanlı Az.Tv-mizin ilk dəfə yayıma başladığı gün kimi xatırlayırıq.

Osa hər şey o qədər sadə deyil.

Beləliklə, il, gün bəlli.

Yer: Bakı.

Həmin gün Bakıda aclıqdan cana gələn qadınların güclü çıxışı – məşhur «Babiy bunt», yazıçı Manaf Süleymanovun təbirincə desək, “arvadların qiyamı” baş verdi. “Bu, Zaqafqaziyada qadınların ilk çıxışı idi” – “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı məşhur kitabında Manaf müəllim yazır.

Maraqlı odur ki, “arvadların qiyamı”nın baş verdiyi o çağlar da qadının Azərbaycan cəmiyyətində az qala heç bir rolu yox idi. Həyatın hər hansı sahəsində aktiv rol oynayan barmaqla sayılacaq qədər az  qadın göstərmək olardı.

İndi isə gəlin həmin “bunt” barədə elə Manaf Süleymanovun öz qələmindən oxuyaq: “Üç gün davam edən və bütün şəhəri bürüyüb əhalini ayağa qaldıran iğtişaş və qarışıqlığa xırda bir əhvalat səbəb olmuşdu. Bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu da vurub dağıdır və başlayır tumu tapdalamağa. Elə buna bənd imiş kimi, qonşuluqdakı Bazar (indiki Hüsü Hacıyev) küçəsindəki yüzlərlə arvad başlayırlar qarışıqlıq salmağa, hücum edib meyvə, tərəvəz, baqqal, bəzzaz, çörəkçi, qəssab dükanlarını talan etməyə. Qarışıqlıq Quba (indiki Füzuli) meydanında və Balaxanı (“Basin”) küçəsindəki dükanlara da sirayət edir. Səbzəbazardakı qaxta budkaları dağıdıb yandırırlar. Arvadlar, yeni-yetmələr bazar-dükanı dağıdırlar.

Hadisə yerinə atlı polis və yanğın dəstələri göndərilirsə də izdihamın öhdəsindən gələ bilmirlər. Polis birinci gün atəş açmağa cəsarət etmir. Polismeyster və onların əlaltılarının bütün cəhdləri boşa çıxır. Arvadlar və uşaqlar su boçqalarını və yanğın maşınlarını araya alırlar. Yanğınsöndürən nasosu işə salmaq mümkün olmur. Həyəcana gəlmiş izdiham polis nəfərlərini daşa tutur.

Aleksandro-Nevski ticarət cərgələri və Bazar küçəsindəki mağazaları talan edib dağıdandan sonra izdiham ətraf küçələrə hücum edir və qabaqlarına çıxan ərzaq anbarlarını dağıtmağa başlayır; iki dəstəyə bölünüb şəhərin zəngin mağazalarına hücum edirlər. Bu neçə min nəfərlik arvad seli «Metropol» (hazırkı Nizami adına Ədəbiyyat Muzeyi) mehmanxanası olan yerdə, polis və atlı kazak dəstələrinin gözü qabağındaca başlayırlar zəngin mağazaların vitrinlərini və qapılarını sındırmağa. Rəhimov və Fərhadovun mağazalarını bir anda talan edirlər. Sonra da başqa mağaza və anbarlara daraşırlar. Qadınların bu dəhşətli, əqlə sığmayan qiyamı gecəyarıya qədər davam edir.

İkinci günü, fevralın 15-də qadınlar böyük un, düyü və qənd mağazalarını, Skoblevin, Çolaq Ağabala Quliyevin və Qlazovun nəhəng dəyirmanlarını, un anbarlarını, “Rus” və “Samalyot” gəmiçilik şirkətlərinin müxtəlif çeşidli mal anbarlarını talan edirlər. Ac-yalavac qadınlar, qız və oğlanlar şəhərdə 116 ərzaq, 70-ə qədər parça, paltar, geyim mağazasına və anbarına basqın etmişdilər.

Gözlənilmədən belə bir məzəli əhvalat da baş vermişdi; bir dəstə qadın həyət tərəfdən «Metropol» mehmanxanasının restoranına girib yemək tələb etmişdi. İstədikləri o dəqiqə yerinə yetirilmişdi. Nahar edib bayıra çıxan tox qadınlar qapıda rast gəldikləri şişman pristavı qamarlayıb hırıldayahırıldaya o qədər atıb tutmuşdular ki, kişinin ürəyi getmişdi.

Ayın 16-da olan qarışıqlığı təsvir etmək mümkün deyil. İki gün əvvəl olub-keçənlər, bütün bunlarla müqayisədə heç nə idi. Çay təki axan, dəniz kimi dalğalanan arvadlar əllərinə keçənləri gecə yarıya qədər daşıyıb aparır, polisə və atlı kazaklara daş yağdırırdılar.

Qadınların qiyamı yalnız ayın 17-də yatırıldı. Cəza dəstələri amansızcasına hücuma keçmişdi. Polis və kazaklara əmr edilmişdi ki, patron əsirgəməsinlər.

Fevralın 14-də qarışıqlıq başlayanda qalabəyi Martınov şəhərdə yox imiş. Arvadları sakitləşdirmək əməliyyatına Qafqaz canişininin sərəncamı ilə Bakı general-qubernatoru rəhbərlik edir. O da şəhərdə hərbi qüvvənin azlığına görə (270 nəfər piyada, 160 nəfər isə atlı soldat varmış) heç nə edə bilməyib. Bakıya təcili surətdə polis və əsgəri hissələr gətirilir; Tiflisdən, Petrovskdan (Mahaç-Qala), Dərbənddən, Yelizavetpoldan (Gəncədən), Teymurxanşuradan (Buynaksk) yüzlərlə polis və atlı kazak gətirilir. Əlahiddə Qafqaz ordusundan da güclü qoşun, top-topxana gətirilmişdi.

Bakıya qayıdıb əməliyyata şəxsən rəhbərlik etməyə başlayan Martınovu da arvadlar daşa basmışdılar, Onun əmrilə Skoblev dəyirmanını təzədən dağıtmaq istəyən arvadlara soldatlar 4 dəfə, Kaspi küçəsindəki böyük şərab anbarına hücum edən arvadlara 2 dəfə yaylım atəşi açırlar. Atlı kazaklar Qaraşəhər körpüsünün yanında 1.000 nəfərlik arvad izdihamını pərən-pərən edib qovanda 4 adam öldürülür və atın ayaqları altında uşaq qalıb məhv olur. Merkuri, Petrovsk (indiki Neftçilər prospekti), Lebedinsk, Birjevoy (indiki Üzeyir Hacıbəyov) və başqa küçələrdə kazaklar və polislər dəfələrlə yaylım atəşi açmışdılar. Əməliyyat Martınovun tərtib etdiyi plan üzrə aparılmışdı.

Bakı şəhər rəisliyinin təhrif edilmiş məlumatına görə 64 nəfər adam iğtişaş vaxtı ölüb və yaralanmışdı; onlardan 30 nəfəri fevralın 14-də (bir ölən, 29 yaralanan), 17 nəfəri fevralın 15-də (bir ölən, 16 yaralanan), 17 nəfəri ayın 16-da (7 ölən, 10 yaralanan).

Deyilənlərə görə, ölüb-yaralananların sayı çox imiş, hökumət məmurlarından polis və soldatlardan da xeyli ölən və yaralanan vardı.

Martınovun yazdığı raportda qadınlar qiyamı zamanı şəhərə 2 milyon 957 min manat ziyan dəydiyi göstərilirdi.

Neft sənayesi sahibkarları və bütün mürtəce əksinqilabi ünsürlərin ələlə verib polis və qoşun hissələrinin köməyilə qan bahasına yatırılan ac-yalavac qadın və yeniyetmələrin bu qeyri-mütəşəkkil çıxışı zəhmətkeşlərin gözünü daha da açdı.

Bakıda baş verən bu gözlənilməz, qeyri-adi hadisə bütün Qafqazda əks-səda yaratdı və tezliklə başqa şəhərlərdə də arvadların çıxışlarına şərait yaratdı.

Mübarizəyə qalxan qadınlar şallaq və güllələrdən qorxub tərksilah olmamışdılar. Onlar Bakı tacirlərinə, mağaza, anbar və dəyirman sahiblərinə ultimatum verib belə bir bəyannamə ilə müraciət etmişdilər: «Siz ey rəhmsiz qan içənlər, yaddan çıxarmayın ki, belə bir «qadın tufanı» bir də gələ bilər. O daha dəhşətli, daha amansız və qəzəbli olacaq. Heç bir qüvvə qabağımızı kəsə bilməyəcək. Bütün dükanlar və mağazalar, anbar və dəyirmanlar dağılıb yerlə yeksan olacaq. Qan içənləri öldürəcəyik. Hamınız məhv olacaqsız””.

Sonda isə Manaf müəllimin Bakıdakı bu qadınlar üsyanı barədə başqa bir maraqlı qeydi var. O yazır: “Arvadlar peyğəmbər kimi hər şeyi sanki əvvəlcədən duyublarmış. Düz bir il sonra daha böyük hadisələr baş verdi. Fevral inqilabı üç yüz illik Romanovlar xanədanını, çar mütləqiyyətini alt-üst elədi…”

***

Tariximizin bu maraqlı, haqqında az bilinən hadisəsi ilə bağlı ona görə yazdım ki, həm bir az oxuyub maariflənək, həm də indi qadınların arabir gördüyümüz məhəlli etirazlarına çox da dırnaqarası baxmayaq. Onları proqnozlaşdırmaq doğrudan da çətindir.

Elə sakitləşdirmək də.

Elnur Astanbəyli