Bakı metrosunun stansiyalarından birinin təmirə bağlanacağı barədə məlumat yayılıb.
Metronun “Həzi Aslanov” stansiyası da daxil olmaqla bir çox stansiyalarda genişmiqyaslı təmir işlərinin gedəcəyi gözlənilir. İlk təmir işlərinin isə qrunt suları axdığı üçün yaxın günlərdə “Həzi Aslanov” stansiyasından başlanacağı deyilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov stansiyaya qrunt sularının axması faktını təsdiq edib. Qurum sözçüsü bildirib ki, bayram günləri və həmin ərəfələrdə “Həzi Aslanov” stansiyası ilə ona bitişik tunelə yaxın məsafədən keçən kommunikasiya xətlərindən birində yaranmış nasazlıqla əlaqədar qeyd edilən sahələrdə axıntıların qarşısının alınması zərurəti yaranıb: “Əlaqədar təşkilatlarla birlikdə problemin qarşısı vaxtında alınıb. Sərnişinlərin hərəkət təhlükəsizliyi və rahatlığı ilə bağlı problem yaranmayıb”.
O bildirib ki, planlı təmir işləri başlanmazdan əvvəl stansiyaların bağlanması və ya hər hansı məhdudiyyətlərin tətbiqi zərurəti yaranırsa, ictimaiyyətə əvvəlcədən məlumatlar verilir.