Bakı Bulvarında Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirilib – FOTO

0
162

Bu gün 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi tərəfindən genişmiqyaslı tədbirlər keçirilib.

Tədbir Azneft meydanında başlayıb və Dənizkənarı Milli Parkın ərazisindəki müxtəlif məntəqələr üzrə davam edib.

Tədbirin keçirilməsinin əsas məqsədi Dövlət Bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına hörmət və sevgi hissinin aşılanmasından ibarətdir.

Belə ki, tədbir Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi altında “Şuşam” Kamera xoru və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” xor kollektivi tərəfindən Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Əməkdar müəllim Təranə Yusifova tədbirlə bağlı mediaya açıqlamasında xalqımızı Bayraq Günü ilə bağlı təbrik etdiyini və bu kimi tədbirlərin gənclər arasında Azərbaycan Bayrağına olan sevgi və ehtiram hissini gücləndirdiyini qeyd edib.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva isə bildirib ki, qalib ölkənin bayrağı hər zaman zirvələrdə dalğalanacaq:

“Bu gün keçirilən tədbirdə ziyarətçilərimizin üzünə rəngli boyalarla üçrəngli Azərbaycan Bayrağı çəkilib. Onlara bayrağımızın əks olunduğu döş nişanları paylanılıb”.

Qeyd edək ki, tədbirin sonunda səmaya Azərbaycan Bayrağı rənglərində şarlar buraxılıb.

Bundan əlavə, Dənizkənarı Milli Parkın ərazisindəki müxtəlif məntəqələrdə – Azneft meydanında, Dövlət Kukla Teatrının yanında, Milli Parkın ərazisindəki yeraltı keçidin önündə ziyarətçilərə Azərbaycan Respublikasının Dövlət Bayrağı paylanılıb.

Xatırladaq ki, gün ərzində Dövlət Kukla Teatrının arxasında quraşdırılmış böyük monitorda Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarxlar nümayiş etdiriləcək.