“Bakcell” daha bir festivala baş sponsorluq edir –

0
671

Oktyabrın 10-da “YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış mərasimi olub

Oktyabrın 20-dək davam edəcək festival “YARAT” Müasir İncəsənət Məkanının “Bakcell” şirkəti ilə tərəfdaşlığı çərçivəsində reallaşır.
Tədbiri “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki açaraq festival barədə məlumat verib. O bildirib ki, M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.
“Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 9 ölkədən 18 tamaşa daxildir.
Bu il festivalda Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), “Yeni Riqa” Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), “Devid Espinoza Kukla” Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək” – deyə Suad Qarayeva-Maleki qeyd edib.
“Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber festivala dəstək olmaqdan məmnunluğunu ifadə edərək deyib:
“Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. “Bakcell” Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir və bundan sonra da bu təşəbbüsləri dəstəkləməyə hazırdır. Bundan fərəh hissi duyur”.