Bağırsaq spazmı – Yaranma səbəbləri və müalicəsi

0
1249

Bağırsaq spazmı həzm traktının bir çox xəstəliklərinin əlaməti olub, yüksək intensivlikli visseral ağrı ilə xarakterizə edilir. Sancışəkilli ağrı bağırsaq divarının həddindən artıq yığılması nəticəsində meydana çıxır. Onun səbəbini aydınlaşdırmaq üçün müxtəlif laborator, rentgenoloji, ultrasəs və instrumental müayinə üsulları tələb oluna bilər.

Yaranma səbəbləri

Bağırsaq spazmı üçün tutmaşəkilli ağrılar xarakterikdir. Onlar bağırsaq motorikasının müxtəlif mexanizmlərinin pozulması ilə əlaqədar yaranırlar. Bağırsaq spazmının patogenezinin əsas həlqələrini orqanın divarının gərilməsi, sinir uclarının qıcıqlanması, bağırsağın saya əzələsinin tonusunun və yığılmasının pozulması, qida kütləsinin hərəkəti üçün maneənin yaranması təşkil edir.

Bağırsaq spazmı həzm sisteminin patologiyaları – kəskin və xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xoraları, hepatit, pankreatit və s. fonunda əmələ gələ bilər. Mədədə və bağırsağın başlanğıc hissəsində qida məhsullarının mənimsənilməsi pozulduqda işlənilməmiş qida kütləsi bağırsağa keçərək, onun reseptorlarının qıcıqlanmasına və əzələ toxumasının spazmına səbəb olur.

Bağırsaq spazmının digər səbəbi qidalanmada yol verilən xətalardır. Belə vəziyyətlərdə sancının yaranma mexanizmi həzm pozğunluğunda olduğu kimidir. Lakin bağırsaq divarının qıcıqlanması həddindən artıq soyuq, quru, qızardılmış, kəskin qidaların, mayalı xəmirdən hazırlanmış məmulatların və s. təsirindən baş verir.

Spazmın əlamətləri

Bağırsaq spazmının yeganə əlaməti qarında yaranan tutmaşəkilli intensiv ağrılardır. Sancının hansı xəstəliyin fonunda formalaşmasından asılı olaraq, digər simptomlara da rast gəlinə bilər. Qastrit zamanı bağırsaq spazmı epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, dispeptik hallar, iştah pozğunluğu və arıqlama ilə müşayiət edilir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyində ağrılar daha intensiv olub, aclıqla əlaqədar və gecə saatlarında əmələ gəlir.

Qaraciyər patologiyalarında bağırsaq spazmı sağ yan tərəfdə ağrılar, qaraciyər sancısı, öd qusma, dəri və selikli qişaların sarılığı, qaşınma ilə birgə rast gəlinir. Mədəaltı vəzin xəstəliklərində qarında kəmərləyici ağrılar, davamlı qusma, meteorizm və ishala bağırsaq spazmı əlavə olunur.

Bağırsaq infeksiyaları adətən qızdırma və qusma ilə başlayır. Sonra ishal fonunda simptomatikaya bağırsaq spazmı qoşulur. Nəcisdə patoloji qarışıqlar (selik, qan) izlənilir. Helmintozların klinikası əksər hallarda tədricən inkişaf edir, bağırsaq spazmı uzun müddət ərzində yeganə əlamət kimi təzahür edə bilər. Bundan əlavə pasiyentlər halsızlıq, əzginlik, əmək qabiliyyətinin azalması, dəridə səpkilər və anus nahiyəsində qaşınmadan şikayətlənirlər. Bağırsaq keçməməzliyinin ilkin mərhələlərində xəstələri güclü bağırsaq spazmı narahat edir. Onun intensivliyi tədricən azalır. Sancılar qaz və nəcis ifrazının yoxluğu, tez-tez təkrarlanan qusma fonunda baş verir. Qarın köpür, peristaltika itir. Sutka ərzində xəstəyə yardım göstərilmədikdə, bağırsaq divarında geridönməyən dəyişikliklər yaranır.

 

MüalicəsiHəkim yardımına qədər özünü müalicə ilə məşğul olmaq – bağırsaq spazmını ağrıkəsici və spazmolitik vasitələr, istiqac və ya imalələrlə aradan qaldırmaq qəti qadağandır. Yalnız həkim əlamətləri düzgün qiymətləndirərək, kəskin appendisit, peritonit, bağırsaq keçməməzliyi kimi ciddi xəstəlikləri inkar edə bilir. Özbaşına müalicə əlamətlərin silinməsinə, diaqnozun yanlış qoyulmasına və müalicəvi tədbirlərin uzanmasına gətirib çıxara bilər.

Kəskin cərrahi patologiya inkar edildikdən sonra patogenetik müalicə təyin olunur. Bağırsaq spazmı emosional fonda yarandıqda və ya bu simptom pasiyentin həddən artıq qıcıqlanmasına səbəb olduqda sedativ vasitələr qəbul edilir.

Daxili orqanların digər patologiyaları ilə bağlı olmayan, vaxtaşırı təkrarlanan bağırsaq sancılarında uzun müddət sakitləşdirici preparatlar qəbul edilməli, qida rasionundan qızardılmış, kəskin, yağlı, hisə verilmiş məhsullar, qazlı içkilər, mayalı xəmirdən hazırlanmış məmulatlar və bəzi tərəvəzlər (paxlalı bitkilər, kələm, qarğıdalı, turp) çıxarılmalıdır.