Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılmasını və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirmişdir.
Hələlik bu istiqamətdə konkret statistik göstəricilərin olmaması obyektiv reallıqdan irəli gəlir. XX əsrin əvvəllərinə qədər respublikadan xaricə mühacirət edən soydaşlarımızın şəxsiyyət vəsiqələrində «rus təbəəsi» yazılması onların milliyyətinin də «rus» kimi təqdim edilməsi ilə nəticələnmişdir.
O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar «tatar», Türkiyədə məskunlaşanlar isə «Azərbaycan türkü» kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan soydaşlarımızın isə «İran təbəəsi» kimi təqdimatı prosesi gedirdi.
Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər.
Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Dünyanın müxtəlif ölkələrində azərbaycanlıların sayı aşağıda göstərilən cədvəldə əks etdirilir (təxmini hesablamalara görə):
Sıra № | Ölkənin adı | Azərbaycanlıların sayı (nəfərlə) |
1. | ABŞ | 1.000.000 |
2. | Albaniya Respublikası | 12.000 |
3. | Almaniya Federativ Respublikası | 300.000 |
4. | Avstraliya İttifaqı | 8.000 |
5. | Avstriya Respublikası | 19.000 |
6. | Argentina Respublikası | 12.000 |
7. | Banqladeş Xalq Respublikası | 170.000 |
8. | Belçika Krallığı | 3.000 |
9. | Belarus Respublikası | 7.000 |
10. | Birləşmiş Ərəb Əmirlikləri | 55.000 |
11. | Birma | 7.600 |
12. | Bolqarıstan Respublikası | 64.400 |
13. | Böyük Britaniya | 20.000 |
14. | Braziliya Federativ Respublikası | 74.000 |
15. | Butan Krallığı | 1.500 |
16. | Çexiya Respublikası | 2.000 |
17. | Çin Xalq Respublikası | 30.000 |
18. | Danimarka Krallığı | 6.000 |
19. | Estoniya Respublikası | 1.800 |
20. | Əfqanıstan | 430.000 |
21. | Əlcəzair Xalq Demokratik Respublikası | 260.000 |
22. | Finlandiya Respublikası | 11.600 |
23. | Fransa Respublikası | 70.000 |
24. | Gürcüstan Respublikası | 600.000 |
25. | Hindistan Respublikası | 300.000 |
26. | İndoneziya Respublikası | 44.600 |
27. | İordaniya Haşimi Krallığı | 410.000 |
28. | İraq Respublikası | 800.000 |
29. | İran İslam Respublikası | 30.000.000 |
30. | İrlandiya Respublikası | 4.000 |
31. | İspaniya Dövləti | 5.000 |
32. | İsveç Federasiyası | 30.000 |
33. | İsveçrə Konfederasiyası | 4.000 |
34. | İtaliya Respublikası | 30.000 |
35. | Kanada Respublikası | 174.000 |
36. | Küveyt Dövləti | 18.000 |
37. | Qazaxıstan Respublikası | 90.000 |
38. | Qırğızıstan Respublikası | 16.000 |
39. | Latviya Respublikası | 1.700 |
40. | Litva Respublikası | 1.500 |
41. | Macarıstan Respublikası | 26.000 |
42. | Malta Respublikası | 2.500 |
43. | Meksika Birləşmiş Ştatları | 26.000 |
44. | Misir Ərəb Respublikası | 850.000 |
45. | Moldova Respublikası | 6.000 |
46. | Monqolustan Respublikası | 4.800 |
47. | Niderland Krallığı | 20.000 |
48. | Norveç Krallığı | 3.000 |
49. | Oman Sultanlığı | 19.000 |
50. | Özbəkistan Respublikası | 60.000 |
51. | Pakistan İslam Respublikası | 350.000 |
52. | Polşa Respublikası | 10.000 |
53. | Portuqaliya Respublikası | 8.000 |
54. | Rumıniya Respublikası | 44.000 |
55. | Rusiya Federasiyası | 2.500.000 |
56. | Səudiyyə Ərəbistanı | 40.000 |
57. | Slovakiya | 2.000 |
58. | Sudan Demokratik Respublikası | 17.000 |
59. | Suriya Ərəb Respublikası | 92.500 |
60. | Tacikistan Respublikası | 13.400 |
61. | Türkiyə Cümhuriyyəti | 3.000.000 |
62. | Türkmənistan Respublikası | 33.300 |
63. | Ukrayna Respublikası | 500.000 |
64. | Yaponiya | 10.000 |
65. | Yeni Zelandiya | 2.000 |
66. | Yəmən Demokratik Respublikası | 26.000 |
67. | Yəmən Ərəb Respublikası | 32.000 |
68. | Yuqoslaviya | 5.900 |
69. | Yunanıstan Respublikası | 12.400 |