Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə, Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-dən çox KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Azərbaycanın ilk informasiya agentliyi, 1920-ci il martın 1-də yaradılan AZƏRTAC-dır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.
1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 11 ümumrespublika, 4 peyk və 17 kabel televiziyası, 8 regional və 12 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarına əsasən ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçid başa çatdırılmışdır.
Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artmışdır. Hazırda 20-dən çox mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratmış və ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olunmuşdur. Strategiya çərçivəsində “Elektron Azərbaycan — 2005-2008-ci illər” və “Elektron Azərbaycan – 2010-2012-ci illər” dövlət proqramları qəbul olunmuş və icra edilmişdir. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80%-ni təşkil edir. İnternet provayderinin sayı 40-a çatmışdır.
Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir.
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan hökuməti bundan sonra da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.
Milli qanunvericilik
Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Ümummilli Liderin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.
Azərbaycan Respublikasının Konstitusiyası, 1998-ci ildə qəbul olunmuş “Məlumat Azadlığı haqqında” Qanun, 1999-cu ildə qəbul edilmiş və sonrakı illər ərzində beynəlxalq təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində təkminləşdirilmiş “Kütləvi informasiya vasitələri haqqında” Qanun, eyni zamanda 2005-ci ildə qəbul olunmuş “İnformasiyanın əldə edilməsi haqqında” Qanun ölkəmizdə söz və mətbuat azadlığı, jurnalistlərin fəaliyyətinin müstəqilliyini tamamilə təmin edirlər.
Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. “Televiziya və radio yayımı haqqında” qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Televiziya və Radio Şurasının yaradılması haqqında fərman imzalamışdır. Şura 2003-cü ilin yanvarında təsis edilmişdir.
İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur.Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəməyə qədər həll etməkdən ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir.
KİV-in müstəqilliyini inkişaf etdirmək məqsədilə 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. Eyni zamanda 2010-cu il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsi haqqında” fərman imzalanmışdır.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Sənəddə İnformasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi və s. nəzərdə tutulmuşdur.
Son illər ərzində diffamasiyanın cinayət tərkibli əməllər sırasından çıxarılması və “Diffamasiya haqqında qanun”un qəbul edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin diffamasiya ilə bağlı 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə moratorium qoyulmuşdur. 2011-ci il mayın 11-də ATƏT-in keçmiş Bakı Ofisi (2014-cü ilin yanvar ayından yeni mandata uyğun olaraq ATƏT-in Baklıda Layihə Əlaqələndiricisi) və Mətbuat Şurası tərəfindən keçirilmiş “Diffamasiyanın dekriminallaşdırılması” adlı konfransı olmuşdur. Ölkəmizdə diffamasiya haqqında qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyası tərəfindən yardımın göstərilməsi istənilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2014-cü il fevralın 21-də keçirilmiş Plenumu böhtana görə cinayət məsuliyyətinə istisna hallarda müraciət edilməsi və bununla bağlı qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə təklif verilməsi ilə bağlı qərar qəbul etmişdir.
Prezident İlham Əliyev 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.