Azərbaycanla İran arasında yeni sənəd imzalanacaq

0
321

Azərbaycan vətəndaşlarının İran ərazisindən istifadə etməklə Naxçıvana səfəri üçün qonşu ölkə ilə anlaşma memorandumu imzalayacaq.Bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.

O, bu barədə sabah keçiriləcək Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl açıqlama verib.

“Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından istifadə etməyə imkan verəcək. Bundan başqa, səfər zamanı Azərbaycanın İrana verməyə razılaşdığı bir sıra layihələr, eləcə də enerji, kənd təsərrüfatı və sənaye sektorlarında əməkdaşlıq müzakirə ediləcək. Azərbaycanda – Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Iran Khodro”nın fəaliyyətinin genişləndirilməsi razılaşdırılacaq”, – deyə o, qeyd edib.

R.Qasımi Azərbaycana səfəri zamanı digər sahələrdə də memorandumların imzalanacağını bildirsə də, onlar barədə konkret danışmayıb.

Xatırladaq ki, indiyə qədər İran Azərbaycan iqtisadiyyatına 4,2 milyard ABŞ dolları, Azərbaycan isə İran iqtisadiyyatına 1,9 milyard ABŞ dolları həcmində investisiya qoyub. Hazırda Azərbaycanda İran kapitallı 2 min şirkət fəaliyyət göstərir. O cümlədən İranın ən böyük avtomobil istehsalçısı olan “Iran Khodro” “Azərmaş” ASC ilə birlikdə “Xəzər” şirkətini yaradıb və iki ölkə birgə avtomobil istehsal edir.