Azərbaycanın Moldovadakı səfiri: “1800 nəfərə yaxın soydaşımız təxliyə olunmağı gözləyir”

0
277

“Gün ərzində azyaşlı, körpə uşaqları olan 150 nəfər Ukrayna-Moldova sərhədini keçir. Nümayəndəmiz Çingiz Quliyev onları qarşılayır və şəhərə gətirərək müvafiq sığınacaqlara yerləşdirirlər”.

Bu sözləri açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.

O bildirib ki, ötən günlərə nisbətən vətəndaşların Moldova sərhədinə doğru axını dayanıb:

“Hazırda təxliyə ilə bağlı təxminən 1800 nəfərə yaxın soydaşımız gözləyir. Bakıdan göndərilən bir sıra nazirliklərin – Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və digər qurumların ümumilikdə 17 nəfərdən ibarət nümayəndə heyəti Moldovada vətəndaşların təxliyəsi məsələsində bizə kömək edir. Bu gün axşam körpə uşaqlı analar, yaşlı insanlar, əlilliyi olan şəxslər, ümumilikdə 170 nəfər avtobuslarla Rumıniyaya təxliyə olunacaqlar. Oradan isə təyyarə ilə Azərbaycana təxliyə ediləcəklər”.

Təxliyə olunanlar üçün 4 böyük sığınacaq var, onların ikisində sırf azərbaycanlıların qaldığını deyən səfir qeyd edib ki, insanlara mütəmadi məlumat verilir ki, narahat olmasın:

“Onların bir çoxu Avropaya qaçqın kimi keçmək istəyirlər. Suallarını cavablandırıb, onlara istiqamət veririk. Soydaşlarımız arasında xəstəliyi olanlar var ki, pulu olmadığı üçün onları zəruri dərman vasitələri ilə biz təmin edirik. Pulu olan soydaşlarımız avtobus xətti ilə 70 dollar ödəyərək İstanbula bilet alaraq gedirlər. Digərləri üçün alternativ yollar axtarırıq. İstanbula gedən avtobuslar 5 yaşına qədər uşaqlar ödənişsizdir, valideynlərinin qucağında gedə bilərlər. Oradan isə Azərbaycan Respublikasının vətəndaşların təxliyəsi üçün ayırdığı ödənişsiz avtobuslar vasitəsilə Vətənə aparılırlar. Bu işlərlə Moldovada fəaliyyət göstərən diaspor rəhbərimiz Elçin Bayramov məşğul olur. Öz avtomobilləri olan şəxslərə isə müxtəlif arayışlar veririk ki, Gürcüstan-Azərbaycan sərhədini keçənə qədər onlar heç bir problem yaşamasınlar”.

“Ötən günlərdə Odessada bir ailənin dörd üzvünün həlak olması ilə nəticələnən hadisə yadınızdadır. Təəssüf ki, belə bir hal baş verdi. Həmin şəxslərin nəşlərinin təyyarə ilə Azərbaycana qaytarılması üçün işlər gedir”, – deyə səfir qeyd edib.