Azərbaycanda vəzifəli şəxslərin rüşvət qalmaqalı: 6,5 milyon manatlıq dələduzluq – RƏSMİ

0
503

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilmiş mənzilləri qanunsuz olaraq satan şəxs Ukraynada tutularaq, Azərbaycana ekstradisiya olunub.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bakı şəhər sakini Məzahir Nəsibovun “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən hündür mərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və  sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 111 kənar şəxsə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub, Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib.

Ukrayna hüquq-mühafizə orqanları ilə qurulmuş sıx əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutularaq, 11 may 2020-ci ildə ölkəmizə ekstradisiya olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.