Azərbaycanda TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində kiberidman üzrə 2022-ci il Avropa çempionatı keçiriləcək.
Bunu Azərbaycan Kiberidman Federasiyasının (AzKİF) prezidenti Ramil Əliyev deyib.
Onun sözlərinə görə, Avropa çempionatında yarışlar iki növ üzrə – “Rocket League” və “Tekken 7” üzrə keçiriləcək.
“Milli seçmə mərhələ apreldə baş tutacaq və burada 16 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə biləcək. Seçmə mərhələ üçün http://baku2022.azkif.az ünvanında qeydiyyatdan keçmək olar. “Tekken 7” üzrə idmançılar təkbətək, “Rocket League” üzrə isə üç-üçə komandalar şəklində yarışacaqlar. Yarışlar mayın 26-29-da planlaşdırılıb. Yarışların Avropa mərhələsində 41 ölkənin daxil olduğu Avropa Kiberidman Federasiyasının üzvləri iştirak edəcəklər. Bundan başqa, kiberidman üzrə 2022-ci il Avropa çempionatında Avropa Kiberidman Federasiyasının rəsmi şəxsləri də iştirak edəcək”, – R.Əliyev deyib.
Federasiya prezidenti bildirib ki, kiberidman üzrə 2022-ci il Avropa çempionatı mayın 26-29-da Bakıda, iyulun 5-10-da (CS:GO) Rumıniyanın Kluj şəhərində keçiriləcək.
Onun sözlərinə görə, avqust ayında futbol üzrə kiberyarışlar Monteneqronun paytaxtı Podqoritsada, sentyabrda “Free Fire” və “Dota 2” yarışları Albaniyanın paytaxtı Tiranada keçiriləcək.
Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.