Azərbaycanda peyvəndlərdən faiz tuturlar – Həkim qızılcaya görə özəl klinikaları günahlandırdı

0
230

Özəl klinikalarda peyvəndləmə ləğv edilməlidir. Çünki bu gün bu qədər uşağın peyvəndsiz qalmasının başlıca səbəblərindən biri elə özəl klinikalarda peyvəndin baha qiymətə vurulmasıdır. İnsanların verdiyi sual elə bunu göstərir. Valideynə maraqlıdır: niyə özəldə bu qədər baha, dövlət poliklinikasında isə pulsuzdur?

Bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Qızılca xəstəliyinin Azərbaycanda geniş yayılmasının səbəblərindən danışan həkim, özəl klinikalarda aparılan peyvəndlənmədən narazı olduğunu dilə gətirib.

“Burda keyfiyyət fərqi var. Bunu təsdiq edən fikirləri də eşidəndə əmin oluruq. Məsələn, biri deyir “Bəs nə, özəl özəldir də, peyvəndi də keyfiyyətli olacaq!”, o biri deyir “Pulsuz olan nə keyfiyyətli ola bilər ki?” və s.

Özəl klinikalar onlara olan marağın artmasından istifadə edərək, peyvəndləmə işinə də girişdi. Amma nəticə cəmiyyətimiz üçün yaxşı olmur. Çünki özəldə peyvənd etdirməyə pul tapmayan valideyn dövlət poliklinikasında da peyvənd etdirməyə özündə inam tapmır. Ona görə də qərara alır ki, yaxşısı elə peyvənd etdirməyim. Və həmin uşaqlar bu gün bir-bir qızılcaya yoluxur. Qızılca isə bildiyiniz kimi heç də rahat bir xəstəlik deyil”.

Pediatrın sözlərinə görə, ümumiyyətlə, peyvənd şikəstlik və ölüm verə bilən xəstəliklərdən ötrüdür:

“Bunu unutmayın! Həm özəldə, həm dövlətdə peyvəndlər eynidir. EYNİ! Özəl klinikalarda peyvəndləmə ölkəmizdə insanlarda çaşqınlıq yaradır. Əgər bu çaşqınlıq səbəbilə bir uşaq belə dünyasını dəyişirsə, ya onlarla uşaq riskli xəstəliklərə tutulursa, deməli, bu məsələyə baxılmalıdır. Kim baxacaq? TƏBİB, Səhiyyə Nazirliyi… Əlbəttə, öz aralarında kim nəyə baxırsa o. Amma nəyə necə baxıldığını görürük. Poliklinika həkiminin yaxası qalıb vətəndaşın əlində. Valideynlər var ki, uşağını poliklinikada qeydiyyata salmayıb. Elə özəl klinikada müayinələri və peyvəndləri etdirir. Mən yanıma gələn hər yenidoğulmuşa deyirəm: iki aydan sonra peyvəndlərin başlayır, ondan da öncə poliklinikada qeydiyyata düşürsən. Peyvəndlərini də poliklinikada etməyi deyirəm. Soruşurlar ki, özəl ya dövlət? Mən də deyirəm ki, əlbəttə ki, poliklinika”.

Valideynləri ehtiyyatlı və həssas olmağa çağıran həkim sonda belə qeyd edib:

“İndi bu fikrimdən sonra kəm baxışlar artacaq. Çünki özəl klinikalarda həkimlərə peyvəndlərdən faiz gəlir. Hələ klinikanın qazancını demirəm. Amma mənə heç kimin fikri maraqlı deyil. Mənə maraqlı olan uşaqların sağlamlığıdır. Təkcə varlı ailənin yox, eləcə də kasıb ailənin. Biz seçimi insanlara buraxsaq, çox şeydə uduzarıq, qanunlarda dəyişiklik etmək lazımdır”.