Azərbaycanda keçirilən COP29 nədir, xərcini kim çəkir, kimlər gəlib? 10 suala cavabda

0
28

Bu gün Bakıda COP29-un 10-cü günü keçirilir. Əgər danışıqlar uzanmasa və tərəflər arasında razılaşma əldə olunsa iki gündən sonra tədbirin başa çatacağı planlaşdırılır.

Çərşənbə günü Bakıdakı COP29 tədbirlərində urbanizasiya, şəhərsalma və onun iqlim dəyişikliyinə təsirləri kimi mövzular müzakirə olunur.

Bundan əvvəl COP29-da sağlamlıq, kənd təsərrüfatı, su çatışmazlığı, təhsil, maliyyə və digər sahələrin iqlim dəyişikliyi ilə əlaqəsi barədə məsələlər müzakirə olunub.

Noyabrın 12-13-də Bakıda Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 çərçivəsində Liderlərin Sammiti keçirilib.

Sammitdə iştirak etmək üçün İtaliyanın Baş naziri Giorgia Meloni, Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis, Xorvatiyanın Baş naziri Andrej Plenkovic və tanınmış braziliyalı futbolçu Ronaldinho Bakıya gəliblər.

Noyabrın 12-də sammitə gələn rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi António Guterres qarşılayıb.

Noyabrın 11-də Bakıda COP29 konfransı başlayıb.

COP29 tədbirində iştirak üçün 72 min nəfər qeydiyyatdan keçib, İlham Əliyev açılış tədbirində deyib.

Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (ingiliscə COP-“Conference of the Parties)” noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda, Olimpiya stadionunda keçiriləcək.

Rəsmi Bakı BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un Azərbaycanda keçirilməsi elan ediləndən bəri, yəni təxminən 11 aydır ki, buna hazırlaşır.

Çox mübahisəli COP29: iqlim danışıqları “artıq effektiv deyil”15 Noyabr 2024

1. COP29 nədir?

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

Bundan əvvəlki tədbir – COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.

Bakıdakı COP29-da builki dialoqun əsas mövzularının iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşməsi olacağı açıqlanıb.

2. COP tədbirinin məqsədi nədir?

___________________________________________________________

Təhlil

Könül Xəlilova, BBC Azərbaycanca, Bakı

COP29-un keçirildiyi məkanda hazırlıqlar mükəmməl səviyyədə görünür. Sürət və keyfiyyət, buradakı gülümsəyən, bacarıqlı gənc işçilərin sayəsində təmin olunmaqdadır.

Ancaq dünyanın bir çox önəmli liderləri – Çin lideri Çi Cinpin, Hindistan Baş Naziri Narendra Modi, Böyük 7-lərdən Almaniya, Fransa liderləri bu tədbirə gəlməyib. Bunun müxtəlif səbəbləri var, birinin ölkəsində böhrandır, o birinin Azərbaycan hökuməti ilə münasibəti yaxşı deyil, digərləri isə gözləmə vəziyyətindədir – Trump ABŞ-ı COP-dan çəkilə bilər. Bir çoxları da COP30-da iştirak edəcəyi üçün, bu dəfə gəlməməyi seçmiş ola bilər.

Bu COP-da önəmli məsələ puldur – kasıb ölkələrin istixana qazlarını kəsə bilməsi üçün onlara maliyyə toplamaqdır, xüsusilə də, dünyanın isinməsinə cavabdeh olan böyük ölkələrdən. Ancaq onlar tədbirə gəlməməyi seçiblər. Bu isə, COP29-da önəmli maliyyə razılaşması əldə ediləcəyinə dair ümidlərə kölgə salır.

___________________________________________________________

Bakı sakinləri dənizkənarı bulvar ərazisində açılan COP29 məlumat mərkəzinin qarşısından keçirlər
Şəklin alt yazısı,Bakı sakinləri dənizkənarı bulvar ərazisində açılan COP29 məlumat mərkəzinin qarşısından keçirlər

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.

Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.

Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.

Hesab olunur ki, atmosferə atılan karbon qazı emissiyaları qlobal istiləşməyə, iqlim dəyişikliklərinə gətirib çıxarır və buna görə də bunları dayandırmaq üçün beynəlxalq əməkdaşlığa ehtiyac var.

Ona görə də dünya ölkələri və maraqlı tərəflər birləşib planetin iqlimini səanye inqilabı olmamışdan əvvəlki dövrdəkinə qaytarmaq üçün birgə işlər görməlidirlər, bu, işlər də COP tədbirlərində müzakirə olunur, razılaşdırılır.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Bakı dəniz kənarı milli park

Ətraf mühit fəalları hesab edirlər ki, bu il Bakıda keçiriləcək COP29 tədbirində gərgin müzakirələrə şahid olacağıq.

Ona görə ki, Almaniyanın Bonn şəhərindəki, COP29-a hazırlıq iclası sayılan iqlim konfransı nəticəsiz, tərəflərin məyus getdikləri bir tədbir olub.

2009-cu ildə dünya ölkələri razılaşıblar ki, inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə iqlim fəaliyyətinə dəstək üçün hər il 100 milyard dollar ayrılacaq.

2015-ci ildə bu məbləğin Paris sazişi çərçivəsində 2020-2025-ci illər üçün etibarlı olacağı təsdiqlənib. Beynəlxalq təşkilatların hesabatına görə, 100 milyard dollarlıq hədəfə ilk dəfə 2022-ci ildə nail olunub.

2025-ci ildən sonrası üçünsə yeni “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) müəyyən edilməlidir. Bu maliyyə hədəfi Bakıda keçiriləcək COP29-da əsas mövzulardan biridir.

İnkişaf etməkdə olan ölkələr maliyyəni 1,1 trilyon ilə 1,3 trilyon dollar arasında tələb olduğunu desələr də, inkişaf etmiş ölkələr bu məbləğin 100 milyard dollar səviyyəsində saxlanmasını və ya bir qədər artırılmasını istəyir.

Mübahisəli məqamlardan biri də bu vəsaiti kimlərin verəcəyi ilə bağlıdır. Norveç və ABŞ daxil bəzi ölkələr Çin və neftlə zəngin digər ölkələrin də iqlim fondlarına töhfə verməli olduğunu düşünür.

COP29 Prezidenti Muxtar Babayev may ayında The Guardian nəşrinə deyib ki, Azərbaycan maliyyə məsələsində sıxlığın qarşısını almaq üçün ölkələrin öz hesabatlarını mümkün qədər tez, COP29 başlamazdan bir neçə gün əvvəl təqdim etmələrini istəyib.

“Əgər yoxsul ölkələr emissiyaları azaltmaq, iqlim böhranının təsirlərinə uyğunlaşmaq və aldıqları hər hansı iqlim maliyyəsini hesablamaq üçün cəhd etdiklərini isbat edə bilsələr, inkişaf etmiş ölkələrin iqlim maliyyəsini onlardan əsirgəmək üçün daha az bəhanələri olacaq”, – COP29 Prezidenti bildirib.

Nəşrin məlumatına görə, Bakıda keçiriləcək COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı vəsait vermək, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrdən yeni qlobal hədəflərə doğru gəlmək gözlənilir.

Azərbaycan Bakı COP29
Şəklin alt yazısı,COP29-la bağlı Azərbaycan paytaxtında tikinti-abadlıq işləri aparılır.

3. Azərbaycana neçə xarici qonaq gələcək?

Bakıda COP29 tədbiri keçiriləcək
Şəklin alt yazısı,Bakıya COP29 üçün 70-80 min xarici qonaq gələcək.

Bakıda keçiriləcək COP29 tədbirində iştirak üçün 67 min nəfər qeydiyyatdan keçib, Azərtac yazıb.

Bunu COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova açıqlayıb.

O bildirib ki, onlardan 3500-ə yaxını media nümayəndəsidir. Digərləri QHT-lər, müxtəlif müşahidəçi beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlardır, Azərtac yazır.

2023-cü ilin dekabr ayında Azərbaycan hökümətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, “ehtimallara görə, təqribən 70-80 min xarici qonaq” iki həftə ərzində Azərbaycanda olacaq.

“COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var”, – İlham Əliyev deyib.

Prezident çıxışında deyib ki, Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib. COP29-da isə on minlərlə xarici ölkəyə gələcək.

2023-cü ildə Dubayda keçirilən COP28 tədbirində rəsmi rəqəmlərə görə, 70 min xarici qeydiyyatdan keçib. Qeyri-rəsmi rəqəmlərə görə, bu tədbirə qatılanların sayı 100 mindən çox olub.

Rəsmi olmayan xəbərlərə görə, 97,372 nümayəndə şəxsən COP28-də iştirak etmək üçün qeydiyyatdan keçib və bu, tarixdəki ən çox iştirakçının qatıldığı COP tədbiri olub.

Bu rəqəm 2022-ci ildə Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən COP27-yə qatılanlardan demək olar ki, iki dəfə artıqdır.

Bundan başqa, COP28-ə 3,074 nəfər virtual olaraq qoşulub və beləliklə ümumi iştirakçı sayı 100 mini keçib.

Bu rəqəmlər qlobal iqlim dəyişikliyinin həllində COP konfranslarının artan əhəmiyyətini vurğulayır, çünki getdikcə daha çox ölkə, təşkilat və fərdlər tədbirdə iştirak edir.

4. COP29 üçün Bakının imkanları varmı?

Bakıda turistlər gəzintidə

COP29 müddətində Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək.

Bunu COP29 Azərbaycan Əməliyyat Şirkəti açıqlayıb.

Həmin vaxt şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb.

Azərtacın məlumatına görə, COP29 dövründə ümumilikdə 500 avtomobil istifadə ediləcək, onlardan 210-u Liderlər Sammiti üçün cəlb olunacaq.

Bundan başqa 140 elektrik avtobusu da tədbir iştirakçılarına xidmət edəcək.

Şirkət açıqlayıb ki, bir sıra mərkəzi küçələrdə xüsusi COP29 nəqliyyat zolaqları salınıb, noyabrın birindən Bakıdakı şəxsi avtomobillərin bu zolaqlarla hərəkət etməsi qadağan olunur.

COP29 loqosu olan zolaqlardan tədbir üçün işləyən nəqliyyatlar istifadə edə bilər.

“Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək”,- qurum bildirib.

Tədbirə kimi COP29 işarəsi olan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edib.

14 nəqliyyat qovşağının xəritəsi elan olunsa da işlərin necə təşkil ediləcəyi ilə bağlı detallar hələ açıqlanmayıb.

Yalnız o bildirilib ki, qurulan nəqliyyat sxemi qonaqların və şəhər sakinlərinin nəqliyyat vasitələrinə rahat və maneəsiz çıxışını və təyinat nöqtəsinə çatma vaxtlarını azaldacaq.

Tədbir müddətində COP29-da iştirak üçün qeydiyyatdan keçib akkreditasiya əldə etmiş hər kəsin ictimai nəqliyyatdan pulsuz istifadə edəcəyi elan edilib.

Hotelnewsresource-un məlumatına görə, Bakıda COP29 vaxtı otel otaqlarının 92 faizi dolub, tələbat rekord səviyyəyə çatıb.

Nəşrin yazdığına görə, COP29 günlərində otel qiymətləri 2024-cü il üçün ümumi orta göstəricidən 379 faiz bahadır.

Məsələn, noyabrın 11-dən başlayan həftə üçün standart otel otağının elan edilmiş qiymətləri 676 dollar təşkil edir.

Bu, 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 364 faiz və 2024-cü ildə olan ümumi orta qiymət göstəricisi ilə müqayisədə 379 faiz artım deməkdir.

Turizm sahəsinin ekspertləri bu ifrat qiymət artımını “mükəmməl fırtına” halı adlandırıblar.

Beynəlxalq tədbirin üçüncü günü, noyabrın 13-də Bakı mehmanxanalarının 92 faizində yer qalmayıb.

Məlumata görə, Bakıdakı otellərin 75 faizindən çoxu 11-15 noyabr tarixlərində dolub.

Otellərdəki ən yüksək tələb noyabrın 11-dən 13-dək olacaq dünya liderlərinin sammiti zamanı özünü göstərib.

İndiyə kimi Bakıda keçirilən heç bir beynəlxalq tədbir zamanı otel qiymətlərində bu qədər bahalaşma olmayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 2022-ci ildə Bakı və Abşeron yarımadasındakı otel və mehmanaxana tipli yerlərdə çarpayı yerlərinin sayı 24 min 696 olub. Ötən 2023-cü ildə bu rəqəmin necə dəyişdiyi məlum deyil.

Komitənin məlumatına görə, 2023-cü ilin iyun ayında Bakıda 89 min 168 nəfər xarici turist otellərdə yerləşib.

Bundan başqa, Azərbaycanın indiyədək keçirdiyi ən böyük tədbir olan Avropa Oyunları zamanı idmançılar və onları müşayət edən heyətin yerləşdirildiyi Atletlər kəndi 8-13 mərtəbəli binalardan və bir inzibati binadan ibarətdir.

Trend-in məlumatına görə, yaşayış binalarında yerləşən 1042 geniş mənzildə 7500-ə yaxın insanın yaşayışı üçün hər cür şərait var.

Rəsmi məlumata görə, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbirində iştirak edənlərin sayı 100 minə yaxın olub.

Azərbaycan Prezidenti İlham Əliyev də hökümətin COP29-la bağlı keçirdiyi ilk iclasda deyib ki, Bakı iki həftə ərzində təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

COP29 idarə heyətinin Bakıda, Ağ şəhərdə olan ofisi
Şəklin alt yazısı,COP29 idarə heyətinin Bakıda, Ağ şəhərdə olan ofisi

Azərbaycan COP29-a görə bəzi vergi güzəştləri edir. Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, vergi güzəştləri 2024-cü il martın 1-dən etibarən 9 ay qüvvədə olacaq.

COP29-la bağlı iş görən, xidmət göstərən qeyri-rezident fiziki şəxslər bu müddət ərzində gəlir vergisindən azad olunur.

Tədbirə hazırlaşan Azərbaycan neft və qaz ixracatçısı kimi “nümunə göstərmək” üçün özünün 1.5C-yə (qlobal istiləşmə həddinin bu temperaturdan aşağı olması) uyğunlaşdırılmış milli planı üzərində işləyir.

Bunu COP29 ərəfəsində aprelin 26-da Almaniyada keçirilən Petersberq İqlim Dialoqunda Azərbaycanın ekologiya naziri və COP29-un prezidenti Muxtar Babayev deyib.

O vurğulayıb ki, Azərbaycan “milli inkişaf planının mərkəzinə iqlim tədbirlərini qoyacaq”.

COP29-un keçirilməsi üçün Bakı Olimpiya Stadionu seçilib, COP29 Əməliyyat Şirkətinin rəsmisi Nərmin Carçalova aprelin 15-də keçirdiyi mətbuat konfransında deyib. O, “iştirakçı sayına və miqyasına” görə COP29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi “ən böyük tədbir” adlandırıb, Azərtac yazıb.

COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.

5. Azərbaycanın “yaşıl vədləri” nədir?

Qaradağda günəş panellərinin görünüşü
Şəklin alt yazısı,Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan əl-Caber tərəfindən istifadəyə verilmiş Günəş Elektrik Stansiyasının Qaradağdakı günəş panellərinin görünüşü

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

İqtisadiyyat Nazirliyi elan edib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

Nazirliyin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan “SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür”.

Azərtacın məlumatına görə, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib.

Azərbaycanda bərpa olunan enerjidə aparıcı olan elektrik enerjisidir və bu, ümumi gücün 20,3 faizini təşkil edir.

“Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur”, – Azərtac yazıb.

6. COP-un xərcini kim çəkir?

Prezident İlham Əliyev COP29-un keçiriləcəyi Olimpia stadionunda hazırlıq işləri ilə tanış olub
Şəklin alt yazısı,Prezident İlham Əliyev COP29-un keçiriləcəyi Olimpia stadionunda hazırlıq işləri ilə tanış olub

COP tədbirinə ev sahibliyi edən ölkədəki maliyyə yükü bir neçə amildən asılı olaraq çox dəyişə bilər.

Adətən ev sahibi ölkənin çəkdiyi xərclər birbaşa və dolayı xərclərə bölünür.

Birbaşa xərclərə məkan və infrastruktur – konfrans obyektləri və ya onların inşası, nümayəndələr üçün maddi-texniki dəstəyin təmin edilməsi, nəqliyyat, təhlükəsizlik, tullantıların idarə edilməsi və sairə daxildir. Bunlar yüz milyonlarla dollara çatan əhəmiyyətli xərclər ola bilər.

Bundan başqa, minlərlə nümayəndəni, müşahidəçini və media təmsilçilərini yerləşdirmək tələb olunur.

İnzibati və kadr xərclərinə isə işçilərin əmək haqqı, rabitə avadanlığı və digər əməliyyat xərcləri daxildir.

Dolayı xərclərə isə artan təhlükəsizlik tədbirləri və izdihamın idarə edilməsi və antiterror tədbirləri üçün infrastruktura potensial investisiyalar daxildir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) ev sahibi ölkələrə bəzi əsas xərcləri ödəməyə kömək etmək üçün məhdud miqdarda maliyyə dəstəyi verir.

Ev sahibi ölkə adətən xərclərin əhəmiyyətli hissəsini öz resurslarından ödəyir.

Özəl şirkətlər, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində onlardan tərəfdaşlıqlar və sponsorluqlar üçün vəsait və resurs cəlb edilə bilər.

COP tədbirinə ev sahibliyi etmək potensial olaraq investisiyaları cəlb edə və uzunmüddətli perspektivdə turizmi artıra bilər.

Məsələn 2021-ci ildə Britaniyanın Glasgow şəhərində keçirilən COP26 konfransı üçün Böyük Britaniya hökuməti ümumi xərclərin təqribən 400 milyon ABŞ dollar olacağını təxmin edib və vəsaitlərin böyük hissəsini milli büdcədən xərcləyib.

2022-də Misirdə, Şarm Əl-Şeyxdə keçirilən COP27-də Misir beynəlxalq tərəfdaşlardan əhəmiyyətli maliyyə dəstəyi alıb, lakin dəqiq xərc rəqəmi hələ də ictimaiyyətə açıqlanmayıb.

Nəhayət, ev sahibi ölkənin COP tədbirinə xərclədiyi pulun dəqiq məbləğini müxtəlif şərtlər və maliyyə şəffaflığı səbəbindən dəqiq müəyyən etmək çətindir.

Azərbaycanın COP29 tədbirinə nə qədər vəsait xərcləyəcəyi hələ ki, məlum deyil.

Bununla belə, əminliklə söyləmək olar ki, COP-a ev sahibliyi etmək hər bir ölkə üçün böyük maliyyə öhdəliyi ola bilər, lakin o, həm də beynəlxalq əməkdaşlıq, investisiya və iqlim liderliyini nümayiş etdirmək baxımından potensial faydalar gətirə bilər.

7. COP29-a rəhbərlik necə olacaq?

Prezident İlham Əliyevin sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq ölkənin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29 tədbirinin prezidenti təyin edilib.

Artıq ikinci ildir ki, neft sənayesində böyük təcrübəsi olan bir nazir qlobal iqlim dəyişikliyi danışıqlarına rəhbərlik edəcək.

Cənab Babayev 26 il SOCAR-da – Azərbaycanın dövlət neft şirkətində işləyib, 2018-ci ətraf mühit naziri təyin olunub.

Cənab Babayevin iqlim dəyişikliyi diplomatları arasında profili yüksək deyil – o tanınan fiqur deyil, BBC-nin ətraf mühit müxbiri Matt McGrath yazır.

Muxtar Babayevin neft sənayesi mütəxəssisi keçmişi də ətraf mühitlə bağlı tədbirə lider seçilməsi bəzi narazılıqlar yaradıb.

COP29 gərgin keçə bilər

COP29-un məşhur qonaqları kimlərdir?

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da yerli televiziyalara verdiyi müsahibəsində Muxtar Babayevə qarşı olan ittihamları əsassız sayıb: “Bu, nə deməkdir? Mən də 9 il neft şirkətində işləmişəm, sonra? Bu adam neft şirkətində ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. Ondan sonra altı ildir ki, ekologiya naziri işləyir”, – o bildirib.

İlham Əliyev hesab edir ki, əslində belə tədbirlərin neft-qaz hasil edən və neft-qaz keçmişi olan ölkələrdə keçirilməsi daha önəmlidir.

“Bu onun göstəricisidir ki, biz istəyirik, öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə, necə deyərlər, yaşıl enerji inkişaf etsin, həm dünyaya töhfə verək”, – Azərbaycan Prezidenti deyib.

Bundan əvvəl COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib və tədbirin prezidenti Sultan əl-Caber də neft sənayesindən gəlmiş tərcübəli mütəxəssis olub.

O, COP28-i idarə edərkən, həm də Əbu-Dabi milli neft şirkətinin rəhbəri olaraq işinə davam edib. Onun da neft sənayesindən gəlməsi və ətraf mühitlə bağlı dünyadakı ən böyük tədbirə rəhbərlik etməsi dünyanın müxtəlif ölkələrində etirazlarla qarşılanmışdı.

8. Kimlər COP tədbirlərinə qatıla bilər?

12 yaşlı hindistanlı ətraf mühit fəalı
Şəklin alt yazısı,12 yaşlı hindistanlı iqlim fəalı Licypriya Kangujam Dubayda COP28-də səhnədə etiraz edərək əlində “Qazıntı yanacağa son verin, planetimizi və gələcəyimizi xilas edin” şüarı yazılan plakat qaldırıb və təhlükəsizlik işçiləri tərəfindən səhnədən uzaqlaşdırılıb

Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edə bilər.

İctimaiyyət konfransda şəxsən iştirak edə bilməsə də, mavi zonadakı bir çox tədbirlər, məsələn, qurumların plenar iclasları, dövlət başçıları ilə yüksək səviyyəli seqment, bir çox mətbuat konfransları və başqa tədbirlər ictimaiyyət üçün canlı yayımlanacaq.

BMT-nin əlaqəli kanalları və COP TV ictimaiyyət üçün konfransı izləmək və maraqlı müsahibələri və çıxışları izləmək imkanı verir.

9. COP29-ə hansı tanınmış şəxslər qatılacaq?

COP29-da iştirak üçün Türkiyə Prezidenti və Pakistan Baş naziri Bakıya gələcəklər

Azərbaycanda keçiriləcək COP29 sammitində ABŞ nümayəndə heyətinə ABŞ Prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri John Podesta rəhbərlik edəcək.

Turanın məlumatına görə, 20-dən çox rəsminin olacağı komandada ABŞ dövlət katibi Antony Blinken olmayacaq.

Artıq məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlməyəcək, Azərbaycan hökumətindəki mənbə BBC Azərbaycancaya bildirib.

Rusiya tədbirdə “Baş nazir səviyyəsində təmsil olunacaq”, mənbə deyib.

Ukrayna Qərb ölkələrini Putinin Azərbaycanda keçirilən COP29 sammitinə gələcəyi halda, tədbiri boykot etməyə çağırıb.

Tədbirdə Ukrayna da geniş nümayəndə heyəti ilə iştirak edəcək. Ancaq məlum deyil ki, heyətə ölkə Prezindenti Volodimir Zelenski rəhbərlik edəcək, ya yox.

Gələnlərin arasında Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif, İsrail Prezidenti İsxak Hersoq, İtaliya Baş naziri Giorgia Meloni, İspaniyanın Baş naziri Pedro Sánchez, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva olacaq.

Bundan başqa, tədbirə Banqladeş Prezidenti Məhəmməd Şahabuddin, Ruanda Prezidenti Pol Kaqamen, Konqo Prezidenti Feliks Çisekedi, Albaniya Baş naziri Edi Rama və başqaları olacaq.

Ötən il Dubayda keçirilən COP28-ə ABŞ Prezidenti Joe Biden səbəb göstərmədən qatılmayıb, amma tədbirə Böyük Britaniya Kralı III Charles və başqa dünya liderləri və siyasətçiləri qatılıb.

Onlar arasında BMT-nin Baş Katibi Antonio Quterres, ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Elçisi John Kerry, Hindistanın Baş Naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Macron olub.

Tədbirə həmçinin ABŞ vitse-prezidenti Kamala Harris, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Geyts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Olaf Şolz qatılıb.

Bundan başqa, məşhur aktyor Leonardo DiCaprio, Cənubi Koreyalı aktyor Yeo Jin-goo, aktrisa Jane Fonda kimi tanınmış şəxslər gəlib.

10. Azərbaycanda etirazlar olacaqmı?

COP28-də etiraz edən ətraf mühit fəalı
Şəklin alt yazısı,Ətraf mühit fəalı 2023-cü il dekabrın birində Dubayda COP28 tədbirində plakat nümayiş etdirir

COP tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən gələn ətraf mühit fəalları ətraf mühitin qorunması və fərqli mövzularda etiraz aksiyaları təşkil edirlər.

Dünyada bir çox eko fəallar belə tədbirlərə qatılır və onların COP29-da Bakıya gəlməsi də istisna deyil.

Dubaydakı COP28 müddətində tədbirlər keçirilən ərazilərdən birində etiraz aksiyalarının keçirilməsinə dövlət icazə verib, amma çoxlu ekoloji fəallar Dubaydakı tədbirdə etiraz aksiyalarına tətbiq edilən məhdudiyyətlərdən şikayətləniblər.

Etiraz edən fərdlər və qruplar müxtəlif mövzulu plakatlar, şüarlar, aksiyalarla etiraz edir və diqqəti ətraf mühitin qorunmasına çəkməyə çalışırlar.

Azərbaycanda müxalifətin və fəalların təşkil etdiyi etiraz aksiyaları bir qayda olaraq polis tərədindən “icazəsiz” olduğu deyilərək dağıdılıb.

Bundan başqa, ötən il Gədəbəyin Söyüdlü kəndində ətraf mühitlə bağlı aksiyanı polis dağıdıb, etirazlara qatılan bəzi kənd sakinlərini həbs etmişdi.

Bundan əvvəl də Azərbaycanın Saatlı bölgəsində su tələbi ilə aksiya edən kənd sakinlərinə qarşı polis rezin güllə tətbiq etmişdi.

Ancaq son iki dəfə feminist fəalların şəhər mərkəzində keçirdikləri etiraz aksiyasını polis dağıtmayıb.

Azərbaycan rəsmiləri hər zaman bəyan edirlər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir.