15 il əvvəl uşaqlıq transplantasiyası olunan 39 yaşlı qadın uzun illər müalicə olunmasına baxmayaraq, azərbaycanlı həkimin müalicəsi ilə övlad sahibi olub.
Oxu.Az-ın əməkdaşı illər öncə uşaqlıq trasnplantasiyası olunmuş və təbii üsulla ana olan N.K ilə həmsöhbət olub.
1982-ci il təvəllüdlü N.K deyir ki, hər şey illər əvvəl bədənində yaranan şişkinliklə başlayıb:
“Yaranan şişkinlik əvvəl sinəmdə olub. Daha sonra bədənin müxtəlif nahiyyəsinə yayıldı. Son olaraq qarın nahiyyəmdə meydana gələn şişkinliklə bağlı İranda, Türkiyədə hətta İsraildə həkim müayinələrində oldum. Həkimlərin ortaq qərarlarına əsasən, uşaqlıq götürüldü. Bu isə o deməkdir ki, ana ola biləcəyimə dair şans yoxdur”.
Həmsöhbətimiz deyir ki, ana olması üçün yeganə şansını ona yenidən özündən də xəbərsiz donor olan yaxın bir insan bəxş edib:
“Əməliyyat zamanı mənə yaxın bir insanın uşaqlığı köçürülüb. 14 saat davam edən əməliyyata girəndə ana ola bilməyəciyimi ürək ağrısı ilə qəbul etmişdim. Əməliyyatdan 16 il sonra uzun müddət müalicə olundum. Piylənmə, qaraciyərin yağlanması, PKOS, prediabet və s. problemlərim olduğundan ciddi həkim nəzarətində saxlanıldım. Nəhayət bariatrik cərrah Taryel Ömərov tərəfindən əməliyyat olundum. Daha sonra ginekoloq Ülviyyə Gülmalıyeva mənim ağır vəziyyətimə baxmayaraq mənim ana ola biləcəyimin mümkün ola biləcəyini dedi. Digər həkimlər buna heç ümid etmirdilər, lakin mən uşaqlıq transplantasiya ilə təbii yolla hamilə qaldım. Qız övladım ayın 3-ü dünyaya gəlib. Çox sevinirəm ki, illərlə çəkdiyim həsrət sona yetdi”.
Xanımın övlad sahibi olanadək hamiləlik dövrünü isə həkim ginekoloq Ülviyyə Gülmalıyeva aparıb.
Həkim bildirib ki, pasiyenti N.K dünyada bu günə qədər uğurlu uşaqlıq transplantasiyası keçirilən 39 qadından biridir:
“Köçürülmə prosesi çox olub, lakin sizə dediyim rəqəm uğurlu nəticələrdir. Bu barədə yerli və xarici bir çox mənbələrdə məlumatlar var. Onlardan 11 qadın süni mayalanma yolu ilə övlad sahibi olub. Yalnız bir nəfər bizim pasiyentimiz N.K zamanında apardığımız düzgün müalicələrlə təbii yolla övlad sahibi olub. Bu nəinki Azərbaycanda, dünyada bir ilkdir. Xanıma müvafiq müalicələr tətbiq edilib və hamiləlik 9 ay ciddi şəkildə izlənilib. Hamiləliyi uğurla sona çatdırıb, 37-ci həftəsində donor uşaqlıq üzərində qeysəriyyə əməliyyatı icra etmişik. 16 il sonra qadın tam sağlam – çəkisi 2 kq 600 qr, boyu 48 sm olan qız uşağı dünyaya gətirib. Bu bizim səhiyyəmizin böyük uğurudur”.
N.K onu da əlavə edib ki, keçirdiyi əməliyyatlardan sonra bir neçə il müalicə olunsa da çəki ata bilməyib, piylənmə ilə bağlı yaranan problemlər onun ana olmağına da təsir edib. Bariatrik cərrah Taryel Ömərov isə xanımın ana olma şansını artıran ən önəmli əməliyyatlardan biri olan mədənin boylama rezeksiyası (mədə kiçiltmə) bariatrik əməliyyatını icra edib:
“Pasiyent bizə müraciət etdiyi zaman artıq bir neçə cərrahi əməliyyatlar həyata keçirmişdi. Lakin buna rəğmən psixoloji cəhətdən çox güclü və inamlı dayanırdı.
Xanımda piylənmə çox yüksək dərəcədə idi və piylənmənin özü ilə gətirdiyi bütün buket patologiyalar mövcud idi. Xanım uzun illər davam edən idman və dietadan effekt ala bilmədiyi üçün baritrik-metabolik cərrahi əməliyytalardan olan mədənin boylama rezeksiyasını (mədə kiçiltmə) planladıq. Əməliyyatı həyata keçirmək çox ciddi probelmlər yarada bilərdi.
Çünki pasiyent bir çox əməliyyatlar keçirmişdi və ağciyərlərin spirometrik göstəriciləri aşağı idi. 2018-ci ildə xanımı əməliyyat etdik. Nəticə gözlədiyimizdən də uğurlu oldu. Əməliyyatdan 12-14 ay sonra xanımın bütün piylənmə nəticəsində yaranmış və yaranmaqda olan xəstəlikləri (qaraciyər yaşlanması, Prediabet PKOS- polikistik over sindromu) aradan qaldırıldı və paralel olaraq hormonal balansı normallaşdı. Bununla da ölkəmizdə ilk dəfə illər öncə transplantasiya olunmuş uşaqlıq daşıyan xanım təbii yolla hamilə qalaraq övlad sahibi oldu”.