Azərbaycanda 1700 manat məvacibə bu peşə sahibləri TAPILMIR – ÇÜNKİ VALİDEYNLƏR…

0
66

“Azərbaycanda valideynlərin əksəriyyəti övladlarının ali təhsil almasını istəyir. Lakin övladlarının əsl bacarıqları ilə maraqlanmırlar”.

Bu sözləri açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev deyib.

Onun sözlərinə görə, valideynlərə övladlarının hansı ixtisasda oxumaları deyil, sadəcə ali təhsil almaları maraqlıdır:

“Ümumiyyətlə, ölkəmizdə peşə təhsilinə primitiv yanaşılır. Bunun səbəbi də peşə məktəblərinin texniki-praktiki cəhətdən yetərincə inkişaf etməməsidir. Əslində, son dövrlərdə bəzi peşə məktəblərində maddi-texniki baza təkmilləşdirilib. Lakin burada tədris edən müəllimlərin bir çoxu demək olar ki, bu maddi-texniki bazadan istifadə edə bilmir. Bunu da təkmilləşdirmək üçün peşə məktəbləri ali təhsil müəssisələri ilə sıx əlaqədə olmalıdırlar. Ali təhsil müəssisələrindən peşə məktəblərinə müəllimlər dəvət olunmalıdır. Çünki bu iki istiqamətdə tədris keçən müəllimlər arasında praktiki cəhətdən kifayət qədər fərq var. Eyni zamanda, peşə məktəblərində əmək haqqı da kifayət qədər yüksək deyil”.

Mütəxəssis bildirir ki, sektor sahibləri tikinti sahəsində qaynaqçı, suvaqçı, dəmirçi kimi ixtisaslı kadrlar tapmaqda çətinlik çəkir:

“Bu ixtisasları bitirənlərin əlində diplom olsa da, praktiki cəhətdən yetərincə formalaşmırlar. Tələbələr nəzəri olaraq aldıqları təhsili praktika sahəsində tətbiq edə bilmirlər. Bu səbəbdən peşə məktəbləri sənaye müəssisələri ilə də sıx əlaqədə olmalıdır ki, tələbələr praktika sahəsində də yetərincə inkişaf etsinlər”.

“Sektor sahiblərinin kadr tapmaqda çətinlik çəkmələrinin digər səbəblərindən biri isə bu sahə üzrə mütəxəssislərin fərdi sahibkar olaraq fəaliyyət göstərmələridir. Onlar bu şəkildə şirkətlərin təklif etdiyi gəlirdən qat-qat artığını qazana bilirlər”, – A.Vəliyev əlavə edib.

Qeyd edək ki, hazırda qaynaqçı, suvaqçı, dəmirçi, operator kimi kadrlar üçün iş elanlarına nəzər saldıqda əmək haqqlarının kifayət qədər yüksək olduğunu görürük. Lakin sənaye nümayəndələri adəçəkilən sahə üzrə ixtisaslı kadrlar tapa bilmədiklərindən şikayətlənirlər.

Roza Şəfiyeva