Bakıda bir milyon manatdan artıq dələduzluq etməkdə ittiham olunan 1962-ci il təvəllüdlü Azər İsmayılovun barəsində olan iş üzrə məhkəmə başa çatıb.
Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının kassasiya protesti üzrə qərar verilib.
İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. O, “Cahad-2004” MMC vasitəsilə xarici ölkələrdən ət məhsulları ixrac etmək barədə tanışlarını aldadıb.
Azər İsmayılov Azər Maqsudovun 533,167,6 manatını ələ keçirib. O, digər şəxslərin də pulunu ələ keçirib.
İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib. Azər İsmayılov 1 milyon 200 min manat dələduzluqda ittiham olunub.
İstintaq orqanı tərəfindən Azər İsmayılovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Azər İsmayılov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təxminən 2016-cı ildən MMC-ni təsis edib və bir il sonra bu firma ilə qida sahəsində xarici ölkələrdən Azərbaycana dondurulmuş toyuq, mal ətlərini gətirib, satışı ilə məşğul olmağa başlayıb: “Fəaliyyət göstərdiyim müddətdə 2018-ci ilin ilk aylarında Maqsud Xəlilov mənim Nərimanov rayonunda yerləşən ofisimə gəldi, mənimlə birgə iş görməyi təklif etdi. Məndən şikayət edən şəxslərlə mənim yaxın münasibətim olmayıb. Onların iş təklifi ilə bağlı əlaqələri yarandı. Həmin şəxslər mənimlə indiyə kimi haqq-hesab aparmaq məqsədilə hesabat aparmadılar. Mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxdıqdan sonra zərərçəkmiş şəxs zəng vurdu, görüşmək istədiyini bildirdi. Şamaxinka adlanan yerdə görüşdüyümüz zaman mənə bildirdi ki, maliyyə məsələlərindən xəbərdar olan bir mühasib və bir neçə ağsaqqal gətirsin, aramızda olan haqq-hesabı həll etsinlər. Mən 18 yanvar 2020-ci ildə onu bacım oğlu Xudaverdinin vasitəsi ilə tanımışam. Digər iki zərərçəkmişi isə təxminən 15 ildir ki, ortaq tanışlarım vasitəsi ilə tanımışam. 2019-cu ildə Xudaverdi və Nicat dəfələrlə mənə əllərində 100.000 ABŞ dolları pulun olduğunu, həmin pulu mənə verərək birlikdə ət və ət məshullarının idxalı ilə məşğul olaraq gəlir əldə etmək istədiklərini bildirdilər. Mən isə dəfələrlə onlarla şərikli iş görmək istəmədiyimi, təklif edilən vaxt ət məhsullarına tələbatın az olduğunu, özümdə olan vəsaitin kifayət etdiyini bildirməklə işbirliyinə razı olmadım”.
“Mənimlə iş görmək istədiyini təklif etdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan təxminən 2-3 ay sonra Xudaverdi onunla telefon əlaqəsi yaradaraq özünün Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçkala şəhərində olduğunu, İran İslam Respublikasına qoyun əti ixrac etdiyini, lakin alıcının həmin əti almaq üçün bank vasitəsi ilə ona nəğd pul göndərə bilmədiyini, pulun hesabdan hesaba göndərilə biləcəyini deyib, ondan kömək istəyib: “Mən əsassız şəkildə pul köçürməsi etməyin mümkün olmadığını bildirdim. Təxminən 10 gün sonra Xudaverdi yenidən zəng etdi, məsələnin hələ də həll olunmadığını bildirdi. Mən həmin şəxslərin kim olması barədə maraqlandım və məni aldada biləcəklərindən şübhələndim, Xudaverdini bu barədə məlumatlandırdım. Xudaverdiyə kömək etmək üçün Moldova Respublikasında fəaliyyət göstərən tanışımın ət kombinatına pul köçürə biləcəyimi, həmin pulun müqabilində isə “Antadro” şirkəti tərəfindən pulun məbləği qədər Azərbaycan Respublikası ərazisinə sümüksüz ət məhsulları gətirib, həmin məhsulları satılması nəticəsində mənə əldə olunan gəlirdən pul verə biləcəyimi bildirdim. Moldovadakı nümayəndəyə Xudaverdinin əlaqə nömrəsini verdim ki, özləri danışsınlar. Mənim məbləğdən xəbərim olmayıb. Mənim həmin ərəfədə anbarda kifayət qədər ət məhsulum olub. Bundan sonra Xudaverdi mənə özünün pul problemi olmadığını, eyni üsulla mənimlə birlikdə iş görmək istədiyini təklif etdi. Mən də onunla razılaşdım”.
“Onların razılığı ilə hərəkət etməliydim”
Azər İsmayılovun sözlərinə görə, 2019-cu ilin dekabr ayının əvvəlində Xudaverdi ona 5000 dollar verib: “Dekabrın ortalarına yaxın isə 50.000 ABŞ dollar ofisdə mənə verdi. Həmin ilin dekabrın 27-də Xudaverdinin dediyi ət məhsulları Moldovadan Azərbaycana daxil oldu. Gömrükdə MDB ölkələri 18 faiz rüsum ödədiyi halda, bizdən 36 faiz rüsum tələb etdilər. Həmin məhsulların Azərbaycana daxil olduğu zaman gömrük rüsumları bizim göndərdiyimizdən 2 dəfə artıq olduğu üçün həmin məhsulları arzu etdiyimiz qiymətə sata bilmədik. 54.000 dollar dəyərində olan ət məhsulları maya dəyərindən 10.000 manat aşağı satmalı olduq. Xudaverdi yanvar ayının sonlarında mənimlə birlikdə yenidən iş görmək istədiyini bildirdi. Mən Ukrayna Respublikasına köçmək istədiyimi və kifayət qədər müştəri bazarının olduğunu bildirdim. Mən tələbə yoldaşım Yusif Bərdəlini və yeznəsinin qudasını özümlə birlikdə Ukrayna Respublikasına apardım, oradakı kombinatda birlikdə işləməyi planlaşdırdıq. Xudaverdi isə yenidən mənimlə birlikdə iş görmək istədiyini bildirdi. Mən işin ağır olduğunu, Ukrayna Respublikasında kiminsə durmalı olduğunu bildirdim. Xudaverdi ilə Ayna Sultanova heykəlinin arxasında olan çay evində görüşən zaman, o, Ukraynadakı kombinata Ramiz Quluzadəni, oğlu Ramizi isə təsisçi kimi qeydiyyata almağı təklif etdi. Mən də razılaşdım. Ramizi tanısam da, iş fəaliyyətindən xəbərim olmayıb. Faktiki olaraq direktor mən olsam da, onların razılığı ilə hərəkət etməliydim. Ukraynada qalacaq yerini həll etdim və onu yola saldım”.
“İşlərin görülməsi nəticəsində külli miqdarda pul tələb olundu”
Azər İsmayılov qeyd edib ki, daha sonra Xudaverdi ilə arasında olan söhbət zamanı xalası Gülmirə işlə bağlı onunla tanış olmaq istədiyini bildirib: “Mən səbəbini soruşduqda xalasının imkanlı olduğunu, əlində kifayət qədər pulunun olduğunu, həmin günədək mənə verilən pulların da xalasına aid olduğunu bildirdi. Sonra Gülmirə, Xudaverdi və Nicat ofisimə gəldilər. Ofisdə olan söhbət zamanı Gülmirə əvvəllər Nicat və Xudaverdinin mənə verdikləri 55.000 ABŞ dolları nağd pul və 54.000 ABŞ dolları dəyərində olan ət məhsullarının özünə məxsus olduğunu dedi, özünün də bu işə vəsait investisiya etmək istədiyini bir daha bildirdi. Dördlükdə olan söhbət zamanı əldə olunan gəlirin üç hissəyə bölünəcəyini, gəlirin bir hissəsinin mənə, bir hissəsinin Gülmirəyə, bir hissəsinin isə Nicat və Xudaverdiyə çatacağını dedim. Mən bu işin risklərindən Gülmirəyə məlumat verdim. 2020-ci il mart ayının əvvəllərində Ukrayna Respublikasına getdim. Mart ayının 3-də getməmişdən əvvəl Nicat və Xudaverdi mənə zəng vurdu, xalası Gülmirədən 50.000 ABŞ dolları pul aldığını bildirdi. Biz görüşdük, Xudaverdi həmin 50.000 dolları mənə verdi. Mən Ukrayna Respublikasındakı işləri həll etmək üçün 10.000 dolları cibimə qoydum. 2020-ci ilin martın 4-də Ukraynaya getdim. Mən oradakı kombinata yollandım və lazımi məsələləri nəzərdən keçirdim. Həmin vaxtlar Kiyev şəhərinin yaxınlığında yerləşən Makarov qəsəbəsində olan ət kombinatını icarəyə götürmək barədə planlarım olduğundan həmin planları barədə onlara məlumat verdim. Kombinatın icarəyə götürülməsi ilə bağlı sənədləşdirmə işlərinin aparılması, həmçinin, kombinatda təmir-tikinti işlərinin aparılması, yeni avadanlıqların alınması və bu kimi işlərin görülməsi nəticəsində külli miqdarda pul vəsaitinin tələb olunduğunu həmin şəxslərin nəzərinə çatdırdım. Kombinatın çatışmazlıqları ilə bağlı hesabat apardıqda təxmini 12.000 dollar pul lazım olduğu aşkarlandı. Özümlə apardığım puldan 7000 dolları həmin məsələlərin həllinə xərclədim. Lakin sonradan bir çox problemlə üzləşdikdə, yeni şirkət yaratmaq qərarına gəldim. Bundan sonra şirkəti yaratdım. Şirkətin faktiki rəhbərliyini özüm həyata keçirsəm də, hüquqi sənədləşdirmədə şirkətin təsisçisi Nicatın atası Ramiz Quluzadə, direktoru isə uzun müddətdir ki tanıdığım və etibar etdiyim Ukrayna Respublikası vətəndaşı olan Fəxrəddin Quliyev təyin edildi”.
“Çalışdım ki, anbardakı malları sata bilim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin mart ayında başlamış pandemiya ilə əlaqədar işləri müəyyən qədər yubanıb və bunun nəticəsində müəyyən miqdarda maddi ziyana düşüblər: “Lakin, həmin dövr ərzində, yəni 2020-ci ilin yanvar-iyun ayları arasında dörd dəfə Ukrayna və Moldova Respublikasından ət məhsulları gətirərək, Azərbaycanın daxili bazarında satmışıq. Lakin 2020-ci ilin mart ayında başlayan pandemiya ilə əlaqədar mən oradan qayıda bilmədim. Bu dövrdə kombinatla bağlı işləri həll etdim. Lazımi avadanlıqları almışam, kamera yerləşdirmişəm, işçilər üçün müəyyən şərait yaratmışam. Ukrayna Respublikasında nazirliklə bağlı məsələləri həll etmişəm. Direktor təyin etdiyim şəxsi güvənilən şəxs olmadığından işdən uzaqlaşdırmışam. 2020-ci ilin iyun ayında Azərbaycana qayıtmalı oldum. Azərbaycana gəldikdən sonra 2020-ci ilin iyul-dekabr ayları arasında Ramiz Quluzdəyə təxmini 7.000 dollar pul yolladım. Şirkətinin hesabına 72.900 dollar pul keçirdim. 2020-ci ilin dekabrında şirkətə 20.000 dollar avans köçürdüm. Ramizlə həmin dövr ərzində danışdığı zaman kombinatda olan işlərin tam qaydasında olduğunu, işlərə özüm tərəfindən nəzarətin aparıldığını bildirdim. Bir müddət sonra Fəxrəddin mənimlə telefonda danışaraq, məni Ukraynaya dəvət etdim, özümün direktor kimi fəaliyyətimi sonlandırmaq istədiyimi dedim. İşlərin qaydasında olmadığını başa düşərək 2021-ci ilin yanvar ayında Ukraynaya yollanaraq orada olan işləri yoxladım. Həmin ilin təxminən 4-5 yanvar tarixlərində Ukraynaya getdim. Kombinatda mənim hesabıma görə 25-26000 ton ət və ət məhsulları olmalıydı. Lakin kamera görüntülərinə baxdıqda isə kombinatda təxmin etdiyimin yarısı qədər mal olduğunu gördükdə şübhələnməyə başladım. Ramiz Quluzadə ilə hesabat apardıqda məlum oldu ki, mallarda əskiklik vardır. Ramiz mənə 15-20 min dolları şəxsi istifadəsinə xərclədiyini dedi. Fəxrəddinlə hesabat apardıqda isə yolladığım 72.000 dollar məbləğindəki puldan 55.000 dollar Ramizə verdiyini bildirdi. Ramiz oradakı işçilərə gündəlik pullar ödəmişdi. Fəxrəddin Ramizin durmadan pul xərclədiyini bildirdi. Hesabatın sonunda Ramizə verilən ümumi məbləğ 92.000 dollar oldu. Mən Xudaverdiyə zəng etdim, olanları danışdım və pul göndərməsini dedim. Xudaverdi də mənə səhəri gün 27.000 dollar göndərdi. Mən artıq hər kəsdən xırda-xırda pul tapmağa çalışdım ki, anbardakı malları sata bilim”.
“5 ay ərzində 135.000 dollar pul xərcləndi”
Azər İsmayılovun sözlərinə görə, sonda banka müraciət edib, pul götürüb və 1-ci maşın malı yola salıb: “5 ay ərzində 135.000 dollar pul xərcləndi. Hesabıma əsasən 35.000 ton ət və ət məhsulları istehsal olundu. Mən maliyyə məsələlərinin Ramizin səlahiyyətinə verilməsi barədə göstəriş verdim. 186.550 dolları Ukrayna Respublikasında olan Ramiz Quluzadəyə yolladım. Ukrayna Respublikasına getdikdə isə vəziyyətin heç də yaxşı olmadığını gördüm. Mənim hesablarıma görə 50.000 dollar ya qazanc olmalı, ya da ət və ət məhsulu olmalı oldum. Ramiz Quluzadə 15.000-20.000 dolları öz şəxsi istifadəsinə xərclədiyini bildirdi. Sonradan mənə kombinatda istehsal olunan ət və ət məhsullarını işçilərin qəsəbədə yerləşən ət mağazasına satdıqlarını bildirdilər. Maraqlandıqda isə qəssab kombinatın işçilərinə əməkhaqqı əvəzinə ət verdiklərini, onların da həmin əti ona satdıqlarını dedi. Ramiz Quluzadə 22-24 dekabr 2020-ci il tarixdə məzuniyyətə çıxması səbəbi ilə göndərilən puldan 1000-2000 dolları özü üçün götürdüyünü bildirdi. Kombinatda həmin zaman 37-38 ton ət və ət məhsulları olub”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarılıb.
Bu hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı Azər İsmayılovun barəsində ittihamedici hökmün çıxarılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü ləğv edilib və yeni hökm çıxarılıb.
Azər İsmayılov Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib və 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.
Bu hökmdən narazı qalan Azər İsmayılovun müdafiəçisi kassasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bu işə Ali Məhkəmədə baxılıb. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin olunmayıb.