Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı – VİDEO

0
404

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dünən 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonu­nun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sər­həd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərə­kətini nəzarətdə saxlayıb, ağacın altından bir neçə bağ­lama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona “dayan” əmri verib. Lakin həmin şəxs əmrə tabe olmamış, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıb.

Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürü­cüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək on­ların həyatına sui-qəsd etmiş və hadisə yerindən uzaqlaşıb. Sürü­cünün şəxsiyyəti müəyyənləşdirilib, hazırda saxlanılması üzrə əmə­liyyat-axtarış tədbirləri həyata keçirilir.

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilib, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və me­ta­fetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli “PAK RETAY-11” markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli “Kral maqnium” markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan “Mahama” markalı güllə aşkar olunub.

Hadisə ilə əlaqədar Cinayət Məcəllə­sinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sər­hədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.