Azərbaycan üzərindən yükdaşımalar artır: “Zəngəzur dəhlizi də Orta Dəhlizə inteqrasiya olunacaq”

0
162

Azərbaycan ərazisində həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Prezident İlham Əliyev iki gün öncə yerli jurnalistlərə verdiyi müsahibədə qeyd edib ki, artıq təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Bundan əlavə, Orta Dəhlizin bir elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin indiki bir milyon tondan beş milyon tona qədər çatdırılacağı da diqqətə çatdırılıb. 

Mövcud dəyişikliklərin əhəmiyyətini  şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilməkdədir və Azərbaycan Orta Dəhlizin reallaşmasına yaxından töhfə verən ölkələrdəndir:

“Rusiya-Ukrayna müharibəsi fonunda sözügedən dəhlizə marağın artması müşahidə olunur ki, bu da Azərbaycan üzərindən daha çox yük daşınması üçün yeni imkanlar yaradır. Həmçinin Orta Dəhlizin bir elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmiryol xəttinin imkanlarını genişləndirmək üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon dollar vəsait ayırıb. Həmin vəsait Bakı-Tbilisi-Qarsın ötürmə, yükdaşıma qabiliyyətinin illik olaraq bir milyon tondan beş milyon tona qədər yüksəlməsinə gətirib çıxaracaq ki, bu da Orta Dəhliz vasitəsilə daha çox yüklərin daşınmasına imkan yaradacaq. Bundan əlavə, Zəngəzur dəhlizi də Orta Dəhlizə inteqrasiya olunacaq layihələrdəndir”. 

İqtisadçı vurğulayıb ki, bu gün Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq edilən sanksiyalar səbəbilə region üzrə daşınan yüklərin həcmində artımlar müşahidə edilir:

“Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir layihədir. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Ötən ilin yekunları da göstərir ki, Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən artıq artım qeydə alınıb. Bu da nəticə etibarilə regiona və eləcə də yükdaşımalar baxımından Azərbaycana marağın artmasından xəbər verir. Beləliklə, region yükdaşımalarda haba çevrilir.

Azərbaycan beynəlxalq yükdaşımalarda regionda aparıcı ölkədir. Əvvəldə də dediyim kimi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm region üzərindən yükdaşımaların həcminin artmasına, həm də bölgənin Zəngəzur dəhlizinin istifadəyə verilməsindən faydalanmasına gətirib çıxaracaq ki, bu da bölgənin inkişafı, Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsi baxımından vacib hesab olunur”.