Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında yeni mərhələ: Ərdoğanın təsdiqlədiyi sazişdə nələr var?

0
342

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiqləyib.

Qeyd edək ki, sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb. Sazişə Azərbaycan tərəfdən Müdafiə naziri Zakir Həsənov, Türkiyə Hökuməti adından isə o vaxtkı Milli Müdafiə naziri Nurettin Canıklı imza atıb.

Sənəd Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sahəsindəki platformanı dərinləşdirir.

Sazişin məqsədi tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsini, istehsalını, tədarükünü təmin etməkdir.

Sənəddə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sahələrinin prioritetləri müəyyən edilir.

Belə ki, tərəflərin silahlı qüvvələrinin ehtiyacı olan ehtiyat hissə, alət, müdafiə təyinatlı materiallar, hərbi sistemlər, texniki göstəricilər və texniki təchizat ilə əlaqədar birgə araşdırma, təkmilləşdirmə, istehsal və modernizasiya üçün münasib şərtlərin təmin edilməsi nəzərdə tutulur.

Sazişdə üçüncü tərəfin müdafiə təyinatlı məhsullarının istehsalı, təkmilləşdirilməsi, modernizasiyası sahəsində birgə proqramlar üçün şərtlərin formalaşdırılması öz əksini tapıb. Ancaq bunun üçün hər iki tərəfin; Azərbaycan və Türkiyənin razılığı olmalıdır.

Sazişdə üçüncü tərəf üçün birgə istehsal və təkmilləşdirmə mövzusunda tərəflər arasında müqavilələrin bağlanılmasının təşviq edilməsi də nəzərdə tutur.

Bu saziş qüvvəyə mindiyi tarixdən etibarən 5 il müddətində keçərli olacaq.