Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Müzakirə predmeti olan məsələlərdən biri də özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər.
Qeyd olunur ki, sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.
Maraqlıdır, əhali yeni sistemə nə qədər maraq göstərəcək?
Bununla bağlı Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov açıqlama verib.
O yeni sistem üçün müəyyən şərtlərin vacib olduğunu bildirib:
“Azərbaycanda özəl pensiya sisteminin yaradılmasına bir qədər skeptik yanaşıram. Birincisi, insanlar bu fonda inanmalıdır və ora pul qoymalıdır. İkincisi, həmin pulu fond investisiya edib oradan əlavə gəlir əldə etməlidir. Pensiya fonduna qoyulan pulun üstündə əlavələr olunmalıdır. Bir də özlərinin saxlanma xərclərinə sərf etməlidirlər. Yəni, bunlar baş verəcəkmi? Bizdə investisiya qoymaq üçün risksiz sahə hansıdır, onu bilmirəm. Fikrimcə, əhali pulu aparıb o pensiya fondunda yığınca depozitə qoyub, bankdan faiz əldə edə bilər”.
Hüquq müdafiəçisi özəl pensiya sistemində ciddi perspektiv görmədiyini də diqqətə çatdırıb:
“Məsələn, bu sistemi Rusiyada yaradıblar, amma orada da bir effekt vermir. Üstün cəhətləri odur ki, ora qoyulan pul vərəsəliklə keçir, daha sonra həmin vəsaiti götürmək olur. Dövlət sosial sığorta sistemində vərəsəlik yoxdur, lakin bu sistemdə var. Azərbaycan dövləti və müvafiq qurumlar bu haqda fikirləşir, amma burada problemlər də var. Dediyim iki problemdən başqa da problemlər, açıq qalan məsələlər mövcuddur. Ümumi nəticədə elə də böyük perspektiv görmürəm”.