Azərbaycan iqlim dəyişikliklərinə davamlı səhiyyə sistemlərinin qurulmasını təşviq edəcək

0
38

Azərbaycan iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması üçün birgə səyləri təşviq edəcək.

Bunu səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge ilə görüşdə deyib.

Bakıda keçirilən Qlobal İqlim Konfransının əhəmiyyətini vurğulayan Teymur Musayev Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğunu və iki il ərzində Alyansın həmtəşkilatçısı qismində fəaliyyət göstərəcəyini qeyd edib:

“ATACH-nin həmsədri kimi, Azərbaycan iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması üçün birgə səyləri təşviq edəcək”.

Hans Henri Kluge Azərbaycanda COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Azərbaycan hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil edir və COP29 da istisna deyil”.

ÜST-nin Avropa üzrə regional direktoru COP29-da müzakirə olunan mövzuların aktuallığını vurğulayaraq, Tərəflər Konfransının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsət olduğunu qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.