Azərbaycan hökumətinin işinə BMT qiymət verdi

0
386

“Yoluxma halların erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə kontaktlarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırıq”

BMT-nin Azərbaycandakı İdarə Heyəti COVID-19-un yayılmasının qarşısını almaq istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edir və xüsusi karantin rejiminin tətbiqi barədə onun çağırışı və addımlarını dəstəkləyir.

Bu barədə BMT-nin Azərbaycan nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

Azərbaycan hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyi də xüsusilə qeyd olunur.

“Əlbəttə ki, gündəmdəki əsas məsələ ölkə daxilində pandemiya ilə mübarizədir. Evdə qalmaq, sosial məsafəni qorumaq, tez-tez əlləri yumaqla gigiyena qaydalarına riayət etmək, eləcə də hərarət və uzun müddət davam edən quru öskürək də daxil olmaqla qripə bənzər simptomlar olduğu təqdirdə 103/113 qaynar xəttinə məlumat verməklə özümüzü, ailələrimizi və ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardır.

Səhiyyə, ictimai məlumatlandırma, təhsilin davam etdirilməsi və ən həssas insanlar üçün sosial rifahın dəstəklənməsinə dair texniki məsləhəti, habelə həyati əhəmiyyətli tibbi və digər ləvazimatların alınmasında köməyi ilə BMT COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır və COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını alqışlayır.

Yoluxma halların erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə kontaktlarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırıq.

Əksəriyyəti Azərbaycan vətəndaşı olmaqla, BMT-nin Azərbaycan nümayəndəliyində çalışan hər kəs bu dönəmdə bizdən böyük fədakarlığın tələb olunduğunu qəbul edir. Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik”, – deyə bəyanatda bildirilir.