Azərbaycan bu indeks üzrə öndə gedən ölkələrdəndir

0
284

Nüfuzlu “Gallup International” təşkilatının yaydığı məlumata əsasən, Azərbaycanda iqtisadi optimizm göstəriciləri yüksəkdir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.

Məlumata görə, iqtisadi ümid indeksində Azərbaycanın mövqeyi 53 balla qiymətləndirilib ki, bu da ötən ilin göstəricisindən 6 bal daha yuxarı göstəricidir. Eyni zamanda, bu göstərici İndoneziya və Albaniyadan sonra ən yaxşı 3-cü göstəricidir. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.

Son illərdə xüsusi ilə də inkişafda olan ölkələrdə iqtisadi ümid indekslərinin davamlı olaraq artdığı müşahidə olunmaqdadır. Ümumilikdə isə, pandemiyanın təsiri ilə iqtisadi ümid göstəriciləri qlobal miqyasda resessiv trendlərə məruz qalıb. Bununla yanaşı, qlobal olaraq vətəndaşların gələcəyə iqtisadi ümidləri yüksək qiymətləndirilib. Baxmayaraq ki, bir sıra ölkələrdə müxtəlif dolayı səbəblər (müharibə, təbii fəlakət, siyasi böhranlar və s.) vətəndaşların gələcəyə iqtisadi ümid gözləntilərini xeyli azaldıb. Hazırda siyası böhranların davam etdiyi regionların iqtisadi ümid indekslərinin xeyli aşağı olması da diqqətəlayiqdir.

1947-ci ildən fəaliyyət göstərən “Gallup İnternational” təşkilatı dünyada müxtəlif sosioloji sorğular və tədqiqatların aparılması üzrə ixtisaslaşmış nüfuzlu və geniş şəbəkəyə malik beynəlxalq təşkilatdır. Müvafiq sorğu da elə həmin ildən aparılır. Təşkilatın cari ilin oktyabr-dekabr aylarında apardığı sorğular ümumilikdə 44 ölkədə 41 560 insanı əhatə edib. Sorğunun nəticələrinə əsasən dünya üzrə respondentlərin 38%-i 2022-ci ilin 2021-ci illə müqayisədə daha yaxşı, 28%-i daha çətin, 27%-i isə əsaslı dəyişikliklərin olmayacağına inanır. Beləliklə, qlobal miqyasda iqtisadi ümid indeksi ötən illə müqayisədə azalıb.

İndeks insanların öz ölkələrinin iqtisadi gələcəyi barədə düşüncələrini ölçən mühüm indikator hesab olunur. Bu indeksin metodologiyası əhalinin ümumi rifahını deyil, daha çox, gələcəklə bağlı iqtisadi gözləntilərini əsas götürür. Lakin aydındır ki, gələcəyə bağlı gözləntilər məhz cari situativ vəziyyət əsasında formalaşır. Bu baxımdan, indeksin nəticələri sosioloji sorğulara əsaslandığı üçün ölkə vətəndaşlarının təkcə iqtisadi deyil, həm də cari siyasi, mənəvi və psixoloji vəziyyətinin də inikasiyası hesab oluna bilər. Azərbaycanın mövcud indeks üzrə post-müharibə dövründə yüksək nəticələr göstərməsi həm də Qarabağ regionundakı münaqişənin uzun illərdən sonra hərbi-siyasi yolla həllinin yaratdığı nəticələri də əks etdirir.

Azərbaycan, bundan əlavə, 2021-ci ildə İrs Fondunun hazırladığı “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Ölkə bu il “Davamlı inkişaf hesabatı 2021” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 55-ci pillədə mövqe tutub. Eyni zamanda, Azərbaycan cari ildə açıqlanmış digər reytinq hesabatlarında da rolunu qoruyub saxlayıb. Örnək olaraq, “Global Firepower” təşkilatının “Potensial Hərbi Güc 2021” reytinq siyahısında Azərbaycan bu il 63-cü mövqedə qərarlaşmağa nail olub.