Azərbaycan Avropa İttifaqı ilə sazişə hazırlaşır: gerçəklik və uydurmalar

0
622

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında sazişə müxtəlif məsələlərin həllinə imkan yaradan mühüm baza sənədlərindən biri kimi baxır: “Biz fəxrlə deyə bilərik ki, sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb, qalan hissənin razılaşdırılması üzrə iş aparılır. Bütün sənədin gələn ay razılaşdırılacağını gözləyirik”.

E.Məmmədyarov vurğulayıb ki, sazişlə bağlı həll olunmamış məsələlər var və bunların həlli üçün təkcə Azərbaycandan deyil, Aİ-dən də çeviklik tələb olunur.

Öz növbəsində, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Azərbaycan Aİ üçün çox mühüm tərəfdaşdır, Aİ ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir:

“Hazırda yeni iddialı ikitərəfli sazişimiz üzrə danışıqların yekun, həlledici mərhələsindəyik. Əminəm ki, bu sənəd münasibətlərimizi genişləndirəcək və dərinləşdirəcək. Bu, həm Aİ ölkələri, həm də Azərbaycan vətəndaşlarının xeyrinə olacaq”.

Əldə olunan məlumatlara görə, sazişdə Avropa İttifaqının və Azərbaycanın maraqlarını əks etdirən müddəalarla bəndlər çoxdur.

Azərbaycan üçün ən ümdə məsələlərdən biri enerjidaşıyıcılarının hasilatı, emalı və nəqli sahələrində Avropa İttifaqı ilə əməkdaşlığın daha da aktivləşdirilməsi, belə tərəfdaşlığın miqyasının genişləndirilməsidir.

Azərbaycanda hasil olunacaq təbii qazı Avropaya nəql edəcək TANAP marşrutu da 2020-ci ildə istifadəyə verilməlidir.

Bu səbəbdən də TANAP marşrutu istifadəyə verilərək istismar olunanadək Avropa İttifaqı ilə strateji tərəfdaşlıq barədə anlaşmanın və ya sazişin imzalanması Bakı üçün xüsusi önəm daşıyır.

Rəsmi Bakı sazişdə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının mütləq şəkildə əks olunmasını istəyir. Avropa İttifaqı da indiyədək qəbul etdiyi sənədlərdə, verdiyi açıqlamalarda, imzaladığı bütün sazişlərdə bu şərtlərə şəksiz əməl edib.

Məqsəd sazişdə qarşılıqlı anlaşmanın şübhə doğurmadığı bu məqamın əks olunmasıdır: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipləri əsasında nizamlanmasının tərəfdarıdır”.

Avropa İttifaqı bu məqamı çoxdan qəbul edib və rəsmi Bakını dəstəkləyir. Sazişdə həmin müddəanın əks olunmasına etiraz edəcək yeganə ölkə Ermənistandır.

Rəsmi İrəvanın bəhs etdiyimiz müddəaya qarşı çıxacağı, yenə də absurd “millətin öz müqqədaratını təyin etmə hüququ” idefiksi ilə çıxış edərək Dağlıq Qarabağdakı separatçı rejimin, daha doğrusu, terrorçu xuntanın “müstəqilliyinin tanınması”nı istəyəcək.

Ermənistanın belə aqressiv və irrasional mövqeyinin, xüsusilə də isterik tələblərinin Avropa İttifaqına təsir edəcəyi, Brüsseli institusional taktikasından və diplomatiyasından çəkindirə biləcəyini düşünmürük.

Bundan başqa, Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinin bir daha vurğulanması Avropa İttifaqının strateji prinsiplərinə cavab verir.

Avropada hazırda bir neçə ölkədə separatizmin alovlandığını, rəsmi Brüsselin analoji sazişlərdə Gürcüstan və Ukraynanın ərazi bütövlüklərini tanıdıqlarını xatırlasaq prosedur çətin olmayacaq.

Onu da unutmayaq ki, AŞPA və ATƏT də bütün qətnamələrində (!) Azərbaycanın ərazi bütövlüyünün tanınmasını preambulada göstərib.

Yəni bəhs etdiyimiz prinsipin yenidən vurğulanması Avropa İttifaqının yürütdüyü siyasətin prioritetlərinə və dəyərlərinə qətiyyən zidd deyil.

Avropa İttifaqı ilə strateji əməkdaşlıq və tərəfdaşlıq sazişinin imzalanmasında Azərbaycan maraqlıdır.

Ölkənin yürütdüyü xarici siyasət komplimentarizm prinsiplərindən çox uzaq olaraq milli və dövlət maraqlarının təminatını ön plana çəkdiyindən belə anlaşma maraqlarımıza cavab verir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da təxminən eyni məzmunlu açıqlama ilə çıxış edib.

L.Abdullayeva deyib: “Son zamanlar bəzi KİV-də ölkəmizin Aİ ilə apardığı yeni saziş üzrə danışıqlara istinad edilərək, guya ki, Aİ-nin ölkəmizin ərazi bütövlüyünü dəstəkləmədiyi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı qeyd etmək istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir.

Sizi əmin edirəm ki, Aİ ilə Azərbaycan arasında imzalanmış digər ikitərəfli və çoxtərəfli sənədlərdə, Aİ institutları tərəfindən son illərdə qəbul edilmiş qətnamə və bəyanatlarda olduğu kimi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü heç vaxt müzakirə predmedi olmayıb və ola da bilməz”.

Digər məsələ isə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsidir. Rəsmi Bakı bu məqamı ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının daha da intensivləşdirilməsindən sonra aktiv müzakirə etmək niyyətindədir. Bununla yanaşı, ölkədəki radikal müxalifətin “lider”lərindən və ölkə xaricində müxtəlif dövlətlərə sığınaraq bəlli mərkəzlərdən, təşkilatlardan və qüvvələrdən göstəriş, maliyyə və dəstək alaraq ölkəmizə düşmən kəsilmiş kəslərin iddialarının tam əksinə olaraq Dünya Ticarət Təşkilatı ilə bağlı Bakının mövqeyi heç bir halda Avropa İttifaqı ilə strateji tərəfaşlıq sazişinin imzalanması ilə ziddiyyət təşkil etmir.

Tam əksinə, Aİ ilə anlaşma ölkəmizin DTT-ə üzvlüyünü daha da sürətləndirəcək.

İstənilən halda Azərbaycanda aparılan genişmiqyaslı, köklü institusional islahatlar, hakimiyyətin başladığı və ekspertlər tərəfindən inqilab təki dəyərləndirilən siyasəti Avropa İttifaqı da dəstəkləyir.

Azərbaycana Avropa İttifaqı ilə strateji tərəfdaşlıq nə qədər önəmlidirsə, Avropa İttifaqı üçün Azərbaycanla əməkdaşlıq ondan dəfələrlə ümdə və vacibdir.

Elçin Alıoğlu