Ayrılıq sözü hər zaman hüzn gətirsə də, arzular guşəsində də yeri var.
Amma bu arzular da hər zaman sevinclə bitmir.
Xatirələr heç zaman insanı tərk etmir.
Hər birimizin ömrü xoş və kədərli xatirələrlə doludur.
Ayrılıqlar bu xatirələrin əvəzolunmaz simvoludur.
Ömür boyu bir yerdə olduğumuz insanlarla da xatirələrdə yaşayan günlərimiz,aylarımız,illərimiz var.
Bizə pislik etmiş insanlardan da üz çevirib ayrılsaq belə, o hüznlü günlərin xatirəsi bizi tərk etmir.
Çətin günlərlə vidalaşanda nə qədər sevinsək belə həyatımızın o dövrlərinə də hüzn tuturuq, “niyə belə keçdi?” deyə…
Əlbəttə hər zaman narazı qalmaq hər kəsə aid deyil. Ayrılıqların sevinc yağışı ilə yuyulması hər zaman mümkün olmasa da, arzuların timsalı ilə qovuşması həyatımıza rahatlıq gətirir. Sevənlərin ayrılığını isə əlbəttə buna aid etmək olmur. Eyni zamanda ailə dağıntılarına…
Qəlb qırıqlığına, hüzur üsyanına səbəb olan bu üzüntülərin də sayı hesabı yoxdur. Səbəblər nə qədər
fərqli olsa da, könüllərin aldığı yara xarakterdən, dünya baxışından, sosial ictimai durumundan asılı olmayaraq hamı da eynidir. Sevgi duyğusuna malik olan hər kəs üçün bu könül faciəsidir. Bu yaranın ağrıları ömür boyu çəksə də, ilk dövrlərin alovu sonralar sızıltı ocağına, közə çevrilir və heç vaxt sönmür.
Ayrılıqların təsəlli ocağı sevdiyin insanlar və sevdiyin işdir. Sevdiyin işin əlindən alınması isə məncə həyatın sonudur. Artıq ruhun deyil, cismin yaşayır. Demək ki, ayrılıqlar həmişə sevincli, kədərli deyil, bəzən faciəvi də ola bilər. Təsəllilərin kömək etmədiyi zamanda ömür bitir.
Ayrılığın sevincindən çox danışa bilmədik.
Bir çox ayrılıqlar pisliklərin yolundan uzaqlaşdırılması sevincini yaşadır, həyatın müsbət axarının açılışına səbəb olan bu ayrılıqlar xatirələrdə də müsbət enerjini yaşadır. Çətinliklərdən qurtarmaq istəyinə nail olmaq ümidlərin zirvə yolunu açır, mübarizə əzminin yüksəlməsinə təkan verir.
Kədəri ilə sevinci ilə ömrümüzdə fərqli izlər qoyan ayrılıqların xoş təlatümü ilə üzləşmənizi arzu edirəm. Kədərli ayrılıqlara dözmək üçün isə tale bizi şükür,səbr, sonsuz sevgi, ümid sonsuzluğuna qərq etsin.
SƏNUBƏR