AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Dövlət Turizm Agentliyinin müraciəti əsasında “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılır.
Ekspedisiya heyəti ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində kəşfiyyat xarakterli axtarışlara start verib. Məqsəd qəsəbə ərazisində yaşayışın nə zamandan başlandığını, ərazidə əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesində nə dərəcədə qorunduğunu, sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.
Arxeoloqlar artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrəniblər. Məscid ərazisində aparılan tədqiqatlar zamanı xüsusilə maraqlı tapıntılar aşkar olunub. Tədqiqat zamanı müəyyən edilib ki, son onilliklərdə Basqal məscidi kimi təqdim olunan bina əslində həmin ərazidəki daha qədim tikinti qalıqları üzərində tikilib. Dörd möhtəşəm sütun üzərində tikilən və üzəri bişmiş kərpiclə tağvari formada örtülmüş möhtəşəm tikili hələlik Basqal ərazisində məlum olan ən qədim memarlıq nümunəsidir.
Arxeoloji tədqiqatların ilkin nəticələrinə görə, eramızdan əvvəl I minilliyin sonu – bizim eranın əvvəllərində Basqalətrafı ərazilərdə intensiv həyat olub. Basqalın yaxın ətrafında insanlar hələ eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq ənənəvi təsərrüfat sahələri ilə məşğul olublar.