Aralıq imtahanları ilə bağlı vacib məlumat

0
347

Dekabrın 25-dən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarının keçirilməsinə start veriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə və insanların yaşayış yerini tərk etmələrinə məhdudiyyətlərin tətbiq edilməsini nəzərə alaraq, imtahanların şifahi müsahibə şəklində həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib. Bu baxımdan eksternat qaydasında aralıq imtahanları “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada (şifahi) keçiriləcək.

Bu barədə məlumatlar eksternat imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş şəxslərin Votsap nömrələrinə bildiriş kimi göndərilib.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. İmtahanda iştirak edənlərə 10 fənn üzrə suallar veriləcək.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.