Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan daha 20 min nəfər üçün də birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsini təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin vətəndaşların qeydiyyata alınan zaman qeyd etdikləri telefon nömrəsinə göndəriləcək SMS-də vətəndaşa birdəfəlik vəsaiti haradan gedib alacağı bildiriləcək.
İşsiz şəxs evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilərsə – istənilən poçt şöbəsinə, bank göstərilərsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni ala bilər.
Qeyd edək ki, aprelin 9-dan etibarən bu ödəmələrin verilməsinə başlanılıb və proses hər gün davam edir. Nazirlik 75 min işsiz üçün birdəfəlik vəsait ödənişini həyata keçirib.