Ana, mən “vor zakon” olacağam

0
859

Kubra Məhərrəmova yazır…

Bu yaxınlarda Bakının mərkəzi küçılərinin birində kriminal  aləmin tanınmış simalarından biri öz şəxsi avtomobilində güllələndi. Təbii ki, özükimilər tərəfindən. Məqsədim kimin niyə öldürülməsi barədə mülahizə yürütmək deyil. Məni narahat edən başqa məsələdir.

İllər əvvəl Rövşən Lənkəranski İstanbulun Barbarossa bulvarında öldürüldü. Və cəmiyyətdən görünməz reaksiya gəldi. İnsanların bəziləri onu az qala Milli Qəhrəman səviyyəsinə qaldırdılar. İnsanlar dəstə-dəstə onun qəbrini zirayət etdilər, yas mərasimində iştirak etməyi özlərinə borc bildilər. Və hamısı açıq bildirdilər ki, bu hörmət mərhumun kriminal aləmdə əldə etdiyi hörmətə görədir.

Müxtəlif mətbuat orqanlarında Rövşən Lənkəranskinin dünyanın tanınmış biznesmen və siyasətçiləri ilə əlaqələri barədə yazılar getdi. Ölümündən sonra haqqında əfsanə yayıldı. Hətta “bir tikə uşaq idi, atasının qisasını alıb, düşmənini gülləyib, əsl kişidir” kimi ifadələr sosial şəbəklərdə tirajlandı.

Niyə bizim cəmiyyət “vor zakon”, cinayətkar adamı bu qədər sevir. Niyə “yaxşı oğlan”, “ponyatkalı oğlan” cəmiyyətimiz üçün bu qədər vacibdir? Niyə bu sevgi bu qədər tirajlanır və çoxaldılır? Bunu görən gənc nəsil də düşünür ki, nə yaxşı, məktəb lazım deyil, institut lazım deyil, adam vurum, düşüm içəri, olacam “Lotu”.  “İçəridə və çöldə” hörmətli, “dastoynı” oğlan olacam. Pul da olacaq, var-dövlət də.

Qızların da bu kimi kişilər üçün ürəyi “sino” gedir. Vəssalam da, yaşadım. Nəyə lazım xarici dil öyrənmək? Peşəyə yiyələnmək. Əsas söhbəti xırdalamaqdır ki, bunu da öyrənmək üçün “yaxşı oğlanların” kruqunda fırlanmaq lazımdır. Baza biliklər hazırdır. Sonra da praktiki hissə gəlir ki, xırda oğurluq, xuliqanlıq və gənc öz taleyinin üstündən xətt çəkir.  Amma cahillik bunun nə boyda böyük səhv olduğunu anlamağa imkan vermir. Və bir əlində enerji içkisi, bir əlində siqaret, “pritalenni” köynəkdə personaj formalaşır. Bu personaj hamıya nifrət edir, hamını “niprav” çıxarır, hamıdan qisas alır.

Onun pərəstiş etdiyi qəhrəmanlar “Kurtlar Vadisi”, “Eşkiya dünyaya hükümdar olmaz”, “Çukur” kimi serialların qəhrəmanlarıdır. Vurmaq, yıxmaq, öldürmək, “qanundan üstün olmaq” gəncləri ruhlandırır. Asan qazanc onların gözünü qamaşdırır. Amma unudurlar ki, həyat film, serial deyil. Çəkiliş meydançasında oynanılan hadisələr real həyatdan xeyli fərqlənir. Yenə də təfəkkür, düşüncə bunu anlamağa imkan vermir, “razborkada” alqış qazanmaq uşaqlar üçün prioritet olur.

Bakının mərkəzində “kriminal avtoritetin” öldürülməsi, bəlkə, kimisə yaxşı dərs olar. Qanundan kənara çıxmaq istəyində olan gənclərin beynində işıq olar. Yəni ən “hörmətli oğlanı” belə asanlıqla güllələmək mümkündür. O ki qala təsbehi əlində fırlatmağı yeni öyrənən uşağı yox eləmək. Axmaq-axmaq seriallara baxmaqdansa, gedib kitab oxusaydılar kaş. Gedib desən, adamı “niprav” çıxaracaqlar.  Bir də gördün “razborkaya çağırıb, söhbət xırdalayır” adamla.