Alkoqolla bağlı XƏBƏRDARLIQ: “Ac qarına zəhər içmək olmaz”

0
324
Alkoqolla bağlı XƏBƏRDARLIQ: "Ac qarına zəhər içmək olmaz"

Tünd alkoqollu içkiləri ac qarına qəbul etmək xüsusilə zərərlidir, lakin bir udum şampan şərabı və ya çaxırın pendir və ya qızıl balıqla qəbul edilməsi orqanizmin fermentativ sisteminin işə düşməsi üçün aperitiv ola bilər.

Bunu Moskva şəhərinin baş narkoloqu Yevgeni Bryun deyib.

“Hansı həkimdən soruşsanız, sizə deyəcək ki, alkoqolun təhlükəsiz miqdarı yoxdur. Lakin etiraf edək ki, əksər insanlar bayram günlərində alkoqollu içkilər qəbul edirlər. İçki içmək mədəniyyətinə gəldikdə isə, aperitiv deyilən bir anlayış var. Lakin o qətiyyən kütləvi içki qəbuluna çevrilməməlidir. Bu sadəcə olaraq orqanizmin fermentativ sisteminin işə düşməsi üçün kiçik miqdarda içki deməkdir. Tünd içkiləri ac qarına içmək xüsusilə zərərlidir. Məsələn, fransızlar içkini yeməklə qəbul edirlər, almanlar isə yeməkdən sonra. Bizdə isə içkini ac qarına içirlər. Bu, həm düzgün deyil, həm də təhlükəlidir”, – deyə Bryun bildirib.

Onun sözlərinə görə, alkoqolun acqarına qəbul edilməsi alkoqol zərbəsinə, yəni qeyri-iradi sərxoşluğa gətirə bilər. Ona görə də əvvəlcə bir qədər yemək, daha sonra isə içmək lazımdır. Alkoqol ümumiyyətlə mümkün qədər az içilməli, qədəhlər arasındakı fasilələr isə mümkün qədər uzun olmalıdır.

“Əlbəttə, bütün gün boyu az-az içmək də olmaz. Günün müəyyən saatları var ki, həmin vaxt alkoqol “şərti olaraq təhlükəsiz” sayıla bilər. Belə düşünülür ki, insan şam yeməyi zamanı bir qədər içki qəbul edib, sonra yata bilər”, – deyə həkim bildirib.

Narkoloq həmçinin alkoqol intoksikasiyası zamanı köməyə çata, alkoqolun orqanizmdə mübadiləsini sürətləndirə biləcək dərmanların da olduğunu deyib.

“İlk növbədə bu askorbin turşusudur, çünki o orqanizmdə mübadilə proseslərini sürətləndirir. Yantar, limon turşuları həddən artıq sərxoşluğun və sonrakı başağrının qarşısını alır. Lakin, məsələn mədə xorasından əziyyət çəkənlər üçün bu üsul yaramır. Bu, yalnız tam sağlam adamlar üçündür. Yaddan çıxarmaq olmaz ki, istənilən alkoqol mədənin selikli qişasını qıcıqlandırır və bəzən olur ki, alkoqol qəbul etdikdən sonra selikli qişanın eroziyası və mikro-zədələr baş verir. Bunu qabaqcadan hesablamaq mümkün deyil, ona görə də biz eyni şeyi təkrar-təkrar deyirik: alkoqolu mümkün qədər az için, qədəhlər arasında fasiləni artırın və əlbəttə ki, içki içərkən nə isə yeyin. Ac qarına zəhər içmək olmaz”, – deyə Bryun qeyd edib.

Narkoloq onu da deyib ki, alkoqolla bağlı hər hansı problem meydana çıxdığı təqdirdə təcili olaraq həkimə müraciət etmək lazımdır.