Alimlər Yunanıstanda Makedoniyalı İsgəndərə məxsus geyim tapdılar

0
46

Digər ölkələrdən olan həmkarlarının iştirakı ilə Demokrat Universitetinin yunan arxeoloqları Vergina şəhərində kral məzarlarından birində tapılan tunikanın sahibini müəyyən ediblər. Məlum olub ki, bu geyim əşyası vaxtilə Makedoniyalı İsgəndərə məxsus olub.

Əvvəlki araşdırmalar göstərirdi ki, Böyük İsgəndərin bir neçə ailə üzvü Verginadakı I, II və III kral məzarlarında dəfn edilib. Lakin İsgəndərin özünün dəfn yeri bu günə qədər məlum deyil.

Müxtəlif test metodlarından və tarixi istinad işlərindən istifadə edərək alimlər müəyyən ediblər ki, I məzardakı qalıqlar İsgəndərin atası II Filipə məxsusdur. II məzardakı qalıqlar İsgəndərin ögey qardaşı III Filipə, III məzardakı qalıqlar isə yeniyetmə yaşlarında dünyasını dəyişmiş İsgəndərin oğlu IV İsgəndərə məxsusdur.

Lakin işdə ən maraqlı obyekt II məzarda qalıqlarla birlikdə tapılan bənövşəyi-ağ tunika olub.

Qaz xromatoqrafiyası və Furye çevrilməli infraqırmızı spektroskopiya vasitəsilə test apararaq tədqiqatçılar müəyyən ediblər ki, tunika pambıqdan hazırlanıb və yalnız elita üçün icazə verilən bənövşəyi rəngə boyanıb.

Onlar, həmçinin qeyd ediblər ki, tunika II məzardakı frizdə Böyük İsgəndər kimi tanınan ovçunun üzərində təsvir edilib. Bundan əlavə, geyim qədim İranla və daha geniş mənada İsgəndərlə mümkün əlaqəsi olduğu düşünülən qızıl əsa, palıd çələngi və tacla yanaşı tapılıb.

Tədqiqatçılar tunikanın qızıl əşyalarla birlikdə niyə məzarda unudulduğunu izah edə bilməyiblər, lakin bunun qardaşının vəfatından sonra III Filipin tacqoyma mərasimi ilə əlaqəli ola biləcəyindən şübhələnirlər.