Alban-udi xristian dini icmasının üzvləri Laçında “Ağoğlan” monastırını ziyarət ediblər

0
363

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri fevralın 6-da Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.

Ziyarətə Alban-udi xristian dini icması ilə yanaşı, Vətən müharibəsinin iştirakçıları olan udi gəncləri də qatılıb.

Dini icmanın sədr müavini Rafiq Danakarinin rəhbərliyi ilə “Ağoğlan” məbədində ayin icra olunub, şamlar yandırılıb.

Qeyd edək ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən biri də Ağoğlan monastırıdır. Bu monastır Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə, Kosalar kəndində yerləşir və V-VI əsrlərə aid bazilikadır.

VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisi Alban dövlətinin tərkibində olub. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarı ilə monastır üslubuna uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən bünövrələri olduğu kimi saxlanılıb, divarları yenilənib.

Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra burada Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan edildi. Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələri dağıdıldı. Alban kilsələri ciddi saxtakarlıqlara məruz qalaraq erməni kilsələrinə çevrildi. Ağoğlan monastırı da belə saxtakarlığa uğradı. Ermənilər monastırı özünküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər.