Akar Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarından yazdı: ümidimiz get-gedə ölür

0
149

Türkiyənin müdafiə naziri İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsini açıqlayıb.

Türkiyənin müdafiə naziri Hulusi Akar yazdığı məqalədə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində vaxtaşırı baş verən atışmaların və gərginliyin narahatlıq doğurduğunu bildirib. O, sazişin imzalanmasının yubanmasının yeni münaqişəyə səbəb ola biləcəyini düşünür.

“Vəziyyət qeyri-sabitdir və sülh sazişinin tezliklə imzalanmasına ümidimiz get-gedə ölür… Münaqişə indi dondurulsa da, müqavilənin imzalanması uzandıqca, hərbi əməliyyatların yenidən başlaması təhlükəsi artır”, – “TRT World”də dərc olunan məqalədə türkiyəli nazir vurğulayıb.

Nazir hesab edir ki, Ermənistanın, qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırması Qafqaz regionunun bütün xalqları üçün yeni imkanlar yarada və əməkdaşlığa yol aça bilər.

Xatırladaq ki, mayın 1-4-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar olub. Danışıqlarla bağlı ortada konkret nəticə olmasa da, Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib. Eyni zamanda nazirlər bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Bu barədə hər iki ölkənin xarici işlər nazirliyi öz saytında məlumat yayıb