Adınız kimi aydın səmalarınız çox olsun

0
942

Adınız kimi aydın səmalarınız çox olsun- Aydınxan Əbilova ithafən

Hörmətli mədəniyyətşünas yazarımız Aydınxan Əbilovun sosial şəbəkədə nifrətin vacibliyi ilə bağlı çıxışı ilk dəfə məndə onun fikrinə qarşı etiraz qaldırmaq arzusu yaratdı.

Mənim etirazım əslində Aydınxan müəllimə deyil onun və bəlkə də bir çoxlarını bu qənaətə təhrik edən sosial mühitin acınacaqlı məqamlarıdır.

Insani, mənəvi, cismi, yaradıcı və təbii gözəlliklərlə dolu dünyamıza nifrət toxumu salan şeytana lənət oxumaq, demək ki. Kifayət eləmir. Bu dünyanı idarə edən ağıl və güc məfhumlarına az və ya çox miqdarda sahib olan hər bir insan bu gücü və bu ağlı ilk növbədə mənəvi keyfiyyətlərinə və bacarıqlarına sərf etməlidir.

“Nifrət hissimiz yalnız mənfur düşmənə və təcavüzkarlara qarşı olmalıdır” fikrinə belə etirazım var. Nifrət bizi onların əməllərinin təkrarına sövq edəcək. Praktik olaraq oxşar faciələr baş versə də, ilk növbədə məqsədin aliliyi, vacibliyi və düzgünlüyü yer alır. Və bu haqlı məqsədlərimizə doğru nifrətlə deyil, haqqın gücünün mübarizə əzmi və dəyanətimizlə getməliyik.

Döyüşə musiqi sədaları altında gedilməsi ilə bağlı tarixi faktlar var. Musiqinin mənəvi gücü hər kəsə bəllidir. Çox zaman sözün ifadə edə bilmədiyi gücə malik musiqinin ilk notlarını təbiət yaradıb. Suyun, su şırıltısının möcüzəsi hər kəsə məlumdur.

Ümumiyyətlə təbiətin mübarizəsini izləsək görərik ki, bu insanların həyat mübarizəsinin əksidir. Təbiətin yaratdığı ağacların yarpaqlarını təbiətin küləyi sovurur. O yarpaqlar sovrulmayana qədər onların kölgəsində olmağa çalışırıq. Küləyin sovura bilmədiyi ağaclar da var…

Məncə təbiətlə insanın fərqi ondadır ki, təbiət yalnız özü özü ilə mübarizə aparır, biz isə həm özümüzlə, həm təbiətlə. Təbiətin yaratdığı təbiətdə qalır, biz insanların yaratdığı isə əbədiyyətdə… Küknarın həmişə yaşıl görüntüsü yarpaqları deyil, tikanlarıdır.

Demək istəyirəm ki, görüntülərdən faydalanaq, amma onlara aldanmayaq. Əbədiyyətə qovuşacaq gözəl insani hisslərin, gözəlliklər və xeyirli işlərin yaradıcılığından əlimizi heç zaman üzməyək.

Əsəblərimiz sözümə baxmayanda isə təbiəti seyr edək, musiqi dinləyək və Siz bunu bacarırsınız Aydın müəllim.

Qurumuş yarpaqları külək onsuz da aparacaq. Qurumuş kötükləri isə bayram alovumuzla ətrafa işıq saçacaq, istilik gətirəcək, ocağın qalıqları torpağı bərəkətləndirəcək.

Bu bərəkətli torpağın hər bir övladının ən böyük arzusu bölünmüş torpağımızı yad əllərdən almaq olsun.

Bu isə yalnız bir-birimizə olan nifrətdən, paxıllıqdan, kin-küdurətdən uzaq olub eyni məqsəd ətrafında birləşdiyimiz gün olacaq . Allah bizi bu birlikdən məhrum etməsin İnşallah!

Ad gününüz mübarək, Aydın müəllim!

Həyatınız sevgi ilə, ruzi-bərəkətlə, gözəl ümidlər və xoş nailiyyətlərin sevinci ilə dolu olsun.

Sənubər