Adi vətəndaşlar Zəfər paradına buraxılmayacaq – Hərbi ekspert

0
455

“Noyabrın 10-da keçiriləcək parad Azərbaycan tarixinin ilk Zəfər paradı kimi yaddaşlarda qalacaq”.

Bu sözləri sabah Bakıda keçiriləcək Zəfər paradı haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu paradda arzu etdiyimiz bir çox hərbi birliklərin qalib əsgərlərini, qələbə bayrağını, hərbi texnikamızı, düşmən əsgərlərinin qoyub qaçdığı yüngül zirehli və zirehsiz texnikaları və zəfərin əldə olunmasında mühüm rol oynayan Azərbaycan, Türkiyə, İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını görəcəyik:


“Bu aparatların bəziləri ilk dəfə nümayiş olunacaq. Paradın digər bir komponenti Azərbaycanın aviasiya vasitələrinin nümayiş çıxışlarının olmasıdır. Paradda həmçinin artilleriyanın atəş zərbələri, gəmi və katerlərimizin də nümayişi olacaq. Tərəfdaş və əməkdaşlıq etdiyimiz ölkələrin səfirləri, dövlət rəhbərləri və diplomatik nümayəndələrin paradda iştirakı gözlənilir. 102 ildən sonra ilk dəfə Azərbaycanın mərkəzində Türkiyə əsgərindən ibarət üç heyətin addımlaması insanlarımızda xüsusi bir coşqu yaradacaq”.

Ekspert paradda mülki əhalinin də iştirak edib-etməməsinə aydınlıq gətirib. O bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu tarixi günün şahidi olmaq istəyər, amma insanlarımız qəbul etməlidir ki, həyatımızda təhlükəli, ölümcül bir virus var:


“Koronavirusun daha çox yayılmaması məqsədi ilə insanların bu görüntüləri evdən televiziya və ya internet vasitəsi ilə izləməsi daha məqsədəuyğundur. Düşünürəm ki, insanlarımız bu vəziyyəti anlayışla qarşılayar və daha diqqətli olmağa çalışarlar”.