ABŞ-ın məşhur neft şirkəti İraqdakı xarici işçilərini evakuasiya edir

0
568

ExxonMobil Yaxın Şərqdə gərginliyin artdığı vaxt İraqın cənubunda yerləşən Bəsra vilayətindəki neft yatağından xarici işçilərini təxliyə edib.

Bu barədə Reuters-a İraqın yüksək səviyyəli rəsmisi və üç başqa mənbə məlumat verib.

Qeyd edilir ki, işçilər cümə və şənbə səhər Dubaya və ya Bəsradakı yaşayış kompleksinə evaskuasiya edilib. İraqın neft rəsmisi də evakuasiya xəbərini təsdiq edib.

İraqın dövlətə məxsus Cənubi Neft Şirkətinin başçısı İhsan Əbdül Cabbar deyib ki, təxliyyə “müvəqqəti ehtiyat tədbiridir” və təhlükənin olduğuna dair “heç bir işarə yoxdur”.

İranla ABŞ arasında artan gərginlik Yaxın Şərq regionunda potensial münaqişənin ola biləcəyinə dair narahatlıqlara səbəb olub.

ABŞ bu yaxınlarda ərazidəki hərbi mövcudluğunu gücləndirib və Tehrana qarşı iqtisadi sanksiyaları artırıb. ABŞ Tehranı Amerika qoşunlarına və ölkənin maraqlarına təhlükə törətməkdə günahlandırıb.

Vaşinqton İraqın paytaxtı Bağdaddakı səfirliyindəki bəzi işçiləri qonşu İrandan alınan təhdidlər səbəbilə ölkədən çıxarıb.

ExxonMobil məsələ ilə bağlı şərh verməyib.