“Paşinyan 3 məqsəd üçün Azərbaycanı müharibəyə təhrik edir” -Sabiq nazir gərginliyin səbəbini açdı

0
595
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son günlər cəbhə xəttində baş verən gərginlik, Azərbaycan Ordusunun Naxçıvandakı hərbi təlimləri, Ermənistanda daxili siyasi vəziyyət, hərbi əməliyyatların başlanması ehtimalı və Qarabağ münaqişəsinə dair digər məsələlərlə bağlı “AzPolitika.info” saytına maraqlı müsahibə verib.
Moderator.az həmin müsahibəni oxucularına təqdim edir:
– Tofiq müəllim, son günlər cəbhə xəttindəki gərginliyin, snayperlərin işə düşməsinin görünməyən tərəfləri nədən ibarətdir?
– İndiki hadisələr Ermənistanda baş verən proseslərlə əlaqəlidir. Yadınızdadırsa, Paşinyan Robert Koçaryanı həbsdən azad etdikdən sonra böhranlı gün yaşadı. Əvvəl məhkəmələrlə bağlı bəyanat verdi, xalqı məhkəmələrin işini iflic etməyə çağırdı, ancaq sonra bu bəyanatından imtina etdi. Daha sonra erməni mətbuatı xəbər yaydı ki, baş nazir Paşinyan müdafiə naziri və baş qərargah rəisi ilə saatlarla müzakirələr aparıb. Bir müddət sonra Paşinyan bəyan etdi ki, onda olan xəbərlərə görə, Qarabağ qruplaşması hərbi əməliyyatları bərpa edib torpaqları itirmək və bunun məsuliyyətini onun üzərinə qoymaqla devirmək istəyir. Bundan sonra Azərbaycan ordusunun mayorunun qətli baş verib. Özü də mayor ön cəbhənin arxasında olan snayperlə vurulub. Bu onu göstərir ki, diversiya əməliyyatı keçirilib, ön cəbhəni keçdikdən sonra diversiya qrupu batalyon komandirini məhv edib. Bu da siyasi qətldir.
Fikrimcə, bu əməliyyatı keçirmək üçün əmr ən yüksək səviyyədə verilməlidir. Bundan əvvəl isə cəbhədə baş verən atışma nəticəsində ermənilər bir əsgərini itirib. İyunun 9-da isə bizim əsgərimiz şəhid edilib. İndi bəziləri deyirlər ki, bu gərginliyin arxasında Qarabağ qruplaşması durur. Ancaq mən hesab edirəm ki, Azərbaycan ordusunun mayorunun qətli ilə əlaqədar əmr ən yüksək səviyyədə verilib. Bu əməliyyatı həyata keçirmək üçün hazırlıq vaxtı lazım gəlirdi. Qənaətim budur ki, bu hadisələrin arxasında şəxsən Paşinyan dayanır.
– Niyə Qarabağ klanı deyil, məhz Paşinyanın dayandığını düşünürsünüz?
– Yuxarıda qeyd etdiyim kimi, Paşinyan əvvəl göstərib ki, belə hadisələr baş verə bilər və bunun məsuliyyətini öncədən qarabağlı ermənilərin üzərinə yıxıb. Amma bir böhran və qətl arasında olan bir həftə ərzində Paşinyan və müdafiə nazirinin oğlu təcili şəkildə Qarabağdan evakuasiya olunub. Mənim qənaətim belədir ki, bu, Paşinyanın yeni taktikasıdır. O, cəbhədəki məsuliyyəti Qarabağ separatçılarının üzərinə yıxaraq özü hərbi əməliyyatların bərpasını istəyir. Ona görə yox ki, hərbi əməliyyatlar nəticəsində Bakıya qədər gəlib çıxa bilərlər. Burada əsas məqsəd daxili və xarici siyasətlə bağlıdır. Ələlxüsus, Rusiya-Ermənistan əlaqələri ilə. Ermənistanda çoxdan şübhələr var ki, hərbi əməliyyatlar bərpa edilərsə, Rusiya ona kömək etməyəcək. Bu baxımdan hərbi əməliyyatların bərpası həm də onlara ona görə lazımdır ki, Rusiya ilə əlaqələri dayandırsın. Beləcə, cəbhədəki vəziyyətin məsuliyyətini Qarabağ klanı və Rusiyanın üzərinə qoymaqla Paşinyan komandası birbaşa qərbpərəst siyasəti həyata keçirə, bunun nəticəsində maddi kömək ala bilər.
Sözsüz ki, işğal etdikləri torpaqların müəyyən hissəsinin itirilməsi nəticəsində bu vəziyyət yarana bilər. Buna görə də, məsuliyyəti həm Rusiyanın, həm də daxildəki öz siyasi rəqiblərinin üzərinə qoyacaqlar. Təxmini vəziyyət belədir.
Fikrimcə, təxribatlar davam edəcək. Çünki Paşinyanın başqa yolu yoxdur. O, bir gedişlə həm Rusiya ilə düzəlməyən münasibətə aydınlıq gətirəcək, həm də Rusiyanın dəstəklədiyi siyasi rəqibləri ilə haqq-hesab çəkəcək, ən əsası, daha rahat qərbpərəst siyasət izləyəcək.
Hesab edirəm ki, bu məqsəd Paşinyan komandası qarşısında var və onlar bunu həyata keçirməyə çalışacaqlar. Odur ki, Azərbaycana qarşı atılan nümayişkəranə bu addımla həm də Bakını məcbur edir ki, onlara zərbə endirsin.
– Ermənistan müdafiə naziri David Tonoyanın Azərbaycan əsgərlərinin öldürülməsi əmrini şəxsən verməsi haqda məlumat, habelə əsgərimizi şəhid edən ermənilərə nazirin özünün şəxsən mükafat təqdim etməsi nədən xəbər verir?
– Əslində, bu da mənim dediyimin təsdiqidir. Paşinyan komandası əvvəlcə belə görüntü yaradır ki, guya, Qarabağ klanı bunu edəcək. Amma sonradan özləri baş verənlərin məsuliyyətini, bir növ, öz üzərlərinə götürür. Tonoyanın bu davranışı dediyimə sübutdur. Yəni birbaşa Paşinyan qruplaşması hərbi əməliyyatların bərpasını istəyir. Ancaq onlar da anlayır ki, Rusiyanın dəstəyi olmadan hərbi əməliyyatların bərpası zamanı uğur əldə etmək mümkün deyil.
Biz, başa düşməliyik ki, itkilər olacaq, amma Azərbaycanın zərbəsi, ələlxüsus ortaya çıxan Naxçıvan faktoru onları məcbur edəcək ki, iki cəbhədə vuruşsunlar. Paşinyanın hakimiyyətə eqoist baxması, şəxsi mənfəətlərini düşünməsi görünür. Tonoyanın bu bəyanatı da təxribatdır. Buna qədər müdafiə nazirləri belə bəyanatlar verməyib. Bu, ilk hadisədir. Məqsəd birmənalı olaraq Azərbaycan ictimaiyyətində hakimiyyətə təzyiq yaratmaq və Azərbaycanın hərbi əməliyyatları bərpa etməsinə nail olmaqdır.
Bir daha qeyd edim ki, Paşinyan qruplaşması bu əməli ilə daxildəki rəqiblərini sıradan çıxarır, Rusiya ilə problemli əlaqələrə aydınlıq gətirir və qərbpərəst siyasət üçün əsas yaradırlar.
– Sizcə, rəsmi Bakı bu halda konkret hansı addımları atmalıdır?
– Hesab edirəm ki, Bakı lazımı addımları atır, amma onları bəyan etmək düzgün deyil. Görünür ki, Azərbaycan hakimiyyəti ciddi şəkildə hərbi əməliyyatların bərpasına hazırlaşır. Vurğulayım ki, Naxçıvan faktorunun qabarıq formada ortaya çıxması, Azərbaycan müdafiə nazirinin və Türkiyə müdafiə nazirinin bugünlərdə orada olması təsadüfi deyil. Xüsusilə, Türkiyə ilə bağlı bir məqamı qeyd edim. Bildiyiniz kimi, Moskva sazişi əsasında Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Bu, beynəlxalq qanunlara uyğun olaraq Ankaranın üzərinə götürdüyü öhdəlikdir. İkincisi, Türkiyə NATO-nun üzvü olarkən bu öhdəliklər nəzərə alınıb. Bu baxımdan, Naxçıvana hər hansı bir təhlükə yaranarsa, Türkiyə orada olmalıdır və NATO bunun əleyhinə çıxa bilməz.
İndi Naxçıvanda Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri o deməkdir ki, Türkiyə öhdəliyinə sadiqdir. Təbii ki, ermənilər Naxçıvana hər hansı bir ziyan vura bilməz. Amma Naxçıvan istiqamətində sərhəddən Yerevana 40-50 kilometrlik məsafə var və bu ciddi məsələ olmaqla, paralel strateji mənzərəni tam dəyişir. Əgər sabah əməliyyatlar başlasa, Ermənistan məcburdur ki, iki cəbhədə ordusunu toparlasın və müdafiə olunsun. Belə vəziyyətdə onların hücum etməsi hərbi qanunauyğunluğa sığmayan addım olardı.
Bir daha vurğulayım ki, Paşinyan hərbi əməliyyatlar haqda fikirləşəndə heç də uğur əldə etməyi nəzərdə tutmur. Onun istəyi sadəcə yuxarıda qeyd etdiyimiz üç hədəfinə nail olmaqdır.
– Yəni, Siz əminsiniz ki, Bakı lazımi addımları atır və hətta müharibəyə hazırlaşır?…
– Hesab edirəm ki, Azərbaycan müharibəyə hazırdır. İndi ciddi şəkildə bu və ya digər mövzular yüksək səviyyədə bizim partnyorlarımızla müzakirə edilir. Vəziyyətin həm Türkiyə, həm Rusiya ilə müzakirə olunduğunu istisna etmirəm. Ola bilsin ki, qərbdəki partnyorlarla da bu haqda fikir mübadiləsi aparılır. Azərbaycanın müdafiə naziri dekabrda bəyanat vermişdi ki, biz müharibəyə hazırıq və beynəlxalq şəraitin uyğun olmasını gözləyirik.
– İndiki halda danışıqlar prosesinin taleyi necə olacaq?
– Danışıqlar prosesi indiki halda heç nəyi həll etmir. Həmsədrlər indiki vəziyyətə qiymət veriblər. Onlar qeyd ediblər ki, regiondan çox narahat şəkildə gedirlər. Bu narahatçılığın bəzi səbəblərini biz hazırda müzakirə edirik.
– Azərbaycan Xarici İşlər Nazirliyinin cəbhədəki durumla bağlı son bəyanatında “qarşıdan gələn görüşlər ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməlin münaqişənin həlli üzrə aparılan danışıqları məhv etməyə və bölgədə gərginliyi artırmağa xidmət edir” ifadələri yer alıb. Bu açıqlama danışıqlar prosesinə hələ də ümidlə yanaşıldığını göstərmirmi?
– Bizim Xarici İşlər Nazirliyinin bəyanatları bir yana, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunurdu ki, biz torpaqları azad etmək məsələsini müzakirə etmirik. Bu iki diplomatiya idarəsinin açıqlamaları üst-üstə düşmür. Əgər torpaqların azad edilməsi müzakirə edilmirsə, onda bizim XİN hansı görüş və danışıqlara işarə edir? Tərəflərdən biri danışığa hazır olsa da, digəri buna hazır deyilsə və torpaqların azad edilməsini istəmirsə, danışıqların nə mənası ola bilər? Məntiqi baxımdan açıqlamalar üst-üstə düşmür.
– Necə hesab edirsiniz, hərbi əməliyyatlar ehtimalı zaman olaraq bizə nə qədər yaxındır?
– Mən falçı deyiləm, sadəcə hadisələrin analizini verirəm. Kimsə desə ki, sizin təhliliniz doğru deyil, bu amil düzgün formada qiymətləndirilməyib, bu faktoru nəzərə almamısınız, bu zaman müzakirəyə əsas olar. Mən hesab edirəm ki, Paşinyan dediyim məqsədlərə çatmaq üçün bu addımı atacaq. Son zamanlar cəbhədə baş verən gərginlik dediyim mülahizələri təsdiq edir.
– Müsahibənin əvvəlində qeyd etdiyiniz ki, Paşinyan cəbhə xəttində gərginlik yaratmaqla Bakını məcbur edir ki, hərbi əməliyyatlara başlasın. Yəni məntiqi cəhətdən belə çıxmırmı ki, Azərbaycan əməliyyatlara başlasa Paşinyanın planına oynayacaq?
– Ola bilsin, bizə belə gəlir ki, Azərbaycan tərəfi bir qədər tərəddüd edir. Bəlkə də bu müşahidəmiz səhvdir. Məncə, müxtəlif səbəblər ola bilər. Məsələn, Ermənistan daxilində böhran var və mümkündür ki, Azərbaycan bu böhranın daha da dərinləşməsini gözləyir. Mütəxəssislərin fikrincə, Ermənistan daxilində qarşıdurma çaxnaşmaya qədər gətirib çıxara bilər. Bu bir faktor ola bilər ki, bəlkə Rusiyanın Ermənistandakı vəziyyətlə əlaqəli hansısa planları var və Azərbaycandan xahiş olunur ki, onu həyata keçirməsini gözləsin. Yəni müxtəlif səbəblər ola bilər. Bu tərəfdən Paşinyan üç nümayəndə heyətini ABŞ-a göndərib, amma onlar yüksək səviyyədə qəbul edilməyib. Biz anlamalıyıq ki, Qarabağ mövzusunda xarici faktor daima mövcuddur və beynəlxalq oyunçuların burada maraqları var. Bu məqamlar, sözsüz ki, nəzərə alınmalıdır. Bir sözlə, elementlər çoxdur və mənzərə tam aydın deyil.