“Artilleriyanın allahı” adlandırılan Əliağa Şıxlinskinin 156 illiyidir – FOTO

0
363

Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1865-ci il, martın 3-də Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1876-cı ildə Tiflisdə özəl gimnaziya, 1883-cü ildə Tiflis hərbi gimnaziyasını, 1886-cı ildə Peterburqda artilleriya məktəbini bitirib. Aleksandropoldakı (Gümrü) 39-cu topçu briqadasına təyinat alaraq, 1900-cü ilədək bu briqadada xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlib. 1900-cü ildə Zabaykalye əlahiddə artilleriya diviziyasına göndəriş alan Şıxlinski 1902-ci ilin mayında müvəqqəti olaraq, Peterburqa 6 aylıq kursa göndərilmiş Səməd bəy Mehmandarovun yerinə 2-ci batareya komandiri vəzifəsinin icraçısı təyin edilib. Şıxlinski 4-cü Şərqi Sibir atıcı-topçu briqadasının tərkibində 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak edib. Müharibənin gedişində göstərdiyi igidliyə görə Şıxlinski 4 ordenə, polkovnik-leytenant rütbəsinə və bir sıra qiymətli hədiyyələrə layiq görülüb.

Şıxlinski 1905-ci ilin mayında Odessa hərbi dairəsinin 15-ci artilleriya briqadasına, bir ildən sonra isə Çarskoye Selodakı topçu zabitlər hazırlayan məktəbə göndərilib. 1906-cı ilin avqustunda təhsilini başa vurub briqadaya qayıtsa da, 1907-ci ilin əvvəlində Şıxlinski artilleriyadan dərs demək üçün yenidən həmin məktəbə dəvət olunub. 1908-ci ildə orada işləyərkən ona polkovnik rütbəsi verilib. 1912-ci ildə general-mayor rütbəsinə layiq görülən Şıxlinski 1914-cü ildə bir müddət Çarskoe Selo topçu zabit məktəbinin rəisi vəzifəsini icra edib.

Şıxlinski 1914-cü ilin sentyabrında Petroqradın artilleriya hücumundan müdafiəsinin rəisi olub, 1915-ci ilin əvvəlində Şimal-Qərb cəbhəsi komandanın sərəncamına göndərilib, həmin ilin mayından komandanın tapşırıq generalı vəzifəsinə təyin edilib. 1916-cı ilin aprelində Şıxlinskiyə Qərb cəbhəsinin artilleriya müfəttişi vəzifəsi həvalə olunub. 1917-ci ilin aprelində general-leytenant rütbəsinə layiq görülən Şıxlinski həmin il sentyabrın 10-da Qərb cəbhəsi 10-cu ordusunun komandanı təyin edilib. Ancaq iki ay sonra Şıxlinski səhhəti ilə əlaqədar həmin vəzifədən azad olunaraq, Qafqaz hərbi dairəsinin ehtiyatına göndərilib.

Şıxlinskinin rus ordusu sıralarındakı xidməti “Müqəddəs Stanislav” ordeninin hər üç dərəcəsi ilə, “Müqəddəs Anna” ordeninin hər dörd dərəcəsi ilə, “Müqəddəs Vladimir” ordeninin 2, 3 və 4-cü dərəcələri ilə, “Müqəddəs Georgi” ordeninin 4-cü dərəcəsi ilə, xarici orden və medallarla, qiymətli hədiyyələrlə qeyd olunub.

Şıxlinski 1917-ci il dekabrın 11-dən təşkilinə başlanan Müsəlman Korpusunun komandiri təyin edilib. Onun rəhbərliyi altın korpusun tərkibinə daxil olan iki piyada diviziyasının, xüsusi süvari briqadasının, iki nişançı-topçu briqadasının zabit-komanda heyəti formalaşdırılıb, azərbaycanlı əhali arasında çağırış işinin əsası qoyulub, qoşun hissələrində döyüş hazırlığı təşkil olunub, milli kadr hazırlığı üçün ilk hərbi məktəbin yaradılmasına cəhd göstərilib. 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun bazasında yaradılmış Əlahiddə Azərbaycan Korpusunun da komandiri Şıxlinski idi. O, Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələrinin və könüllün dəstələrinin döyüş fəaliyyətini izləmək və təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə gedib, Bakının azad olunması (1918) əməliyyatının keçirilməsi zamanı da şəhər ətrafındakı qərargahdan döyüşlərin idarə olunmasında bilavasitə iştirak edib.

1918-ci il dekabrın 29-da Şıxlinski Azərbaycanın Xalq Cümhuriyyəti hərbi nazirinin müavini təyin edilib, artilleriya və istehkamçı hissələrinə, habelə hərbi-təhsil müəssisələrinə və texniki müəssisələrə, artilleriya və istehkam anbarına nəzarət ona həvalə olunub. 1919-cu ilin əvvəlində isə Şıxlinski qoşun hissələrinin, idarə və müəssisələrin ştatlarının maaş cədvəllərini hazırlayan komissiyanın sədri təyin edilib. Azərbaycan ordusunun şəxsi heyətinin geyim formasının layihəsini hazırlamaq da bu komissiyaya tapşırılıb.

1919-cu il 28 iyulda Azərbaycan Xalq Cümhuriyyətinin 339 saylı əmri ilə Əliağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi verilib. 1920-cu il 9 martda ilk dəfə onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis olunub.

1919-cu il yanvarın 10-da Şıxlinski hərbi nazirliyin Müvəqqəti Hərbi Şurasının üzvü təyin edilib və Hərbi Şuranın əsasnaməsini hazırlamaq ona tapşırılıb. O, 1919-cu ilin yanvarında təsdiq edilmiş kiçik və böyük hərbi şuralarının da üzvü idi. Böyük hərbi şura Şıxlinskinin sədrliyi ilə toplaşırdı. Şıxlinski Türkiyənin Aydın vilayətində ermənilər tərəfındən törədilmiş qətliama məruz qalmış minlərlə türk vətəndaşlarına yardım göstərmək məqsədilə yaradılmış ianə komitəsinə sədrlik edib və bununla bağlı olaraq, 1920-ci il martın 16-da Azərbaycan vətəndaşlarına müraciət edib. Aprel işğalından (1920) sonra qısa müddət qırmızı ordu sıralarında xidmətini davam etdirən Şıxlinski 1920-ci ilin iyununda bolşevik həbsinə məruz qalsa da, Nəriman Nərimanovun müdaxiləsi ilə həbsdən azad edilib. 1920-ci ilin avqustunda S.Mehmandarov ilə birlikdə Şıxlinski Baş qərargahda işləmək üçün Moskvaya göndərilərkən N.Nərimanov V.İ.Leninə yazmışdı: “…Biz onları Qərargahda işləmək üçün Sizin sərəncamınıza göndəririk, çünki bir hərbi mütəxəssis kimi onlar əvəzedilməzdir. Onlardan biri – Şıxlinski Nikolay ordusunda “artilleriyanın allahı” hesab olunurdu…”. 1921 ilin yayında onların hər ikisi yenidən Azərbaycana qayıdıb və xalq hərbiyyə və bəhriyyə komissarlığında xidmətə qəbul ediliblər. Şıxlinski Bakı qarnizonu hərbi-elmi cəmiyyətinin sədr müavini, 1924-cü ildə Azərbaycanın birləşmiş hərbi məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan hərbi tərcümə kollegiyasının redaktoru təyin olunub. Səhhəti ilə əlaqədar 1929-cu ildə istefa verərək, fərdi təqaüdə çıxıb.

Şıxlinski artilleriya nəzəriyyəsinə yeniliklər (“Şıxlinski üçbucağı”, “Şıxlinski formulu”) gətirib. “Cəbhədə səhra toplarının işlədilməsi”, “Rusca-türkcə müxtəsər hərbi lüğət” kitablarının, “Öz qoşunlarının başı üzərindən atəş”, “Gələcək müharibə”, “Dağlıq şəraitdə topçu atəşinin xüsusiyyətləri” və s. məqalələrin müəllifidir. 1942-ci ildə görkəmli Azərbaycan filosofu, o zaman SSRİ EA Azərbaycan filialının sədr müavini olan Heydər Hüseynovun təklifi ilə Şıxlinski öz xatirələrini yazıb. Kitab generalın ölümündən doqquz ay sonra – 1944-cü ilin may ayında nəşr olunub. Kitaba hərb elminin böyük alimi, professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazıb. O, Əliağa Şıxlinski şəxsiyyəti barədə belə yazır: “General Əliağa Şıxlinskinin adı daima böyük nüfuza və rəğbətə malik olub. O, təkcə rus topçularına deyil, Avstriya və Fransa ordusunun geniş dairələrində də çox yaxşı tanınıb və son dərəcə məşhurlaşıb”. Həmin kitab 1984-cü ildə “Azərnəşrdə” əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olunub. 

Əliağa Şıxlinski 1943-cü il avqust ayının 18-də Bakıda vəfat edib.