Nazirliyin qərarı tənqid olundu: “30-35 şagirddən yalnız 4-ü dərsə gəlir“

0
354

Məktəblərdə ənənəvi təhsilə start verilməsi birmənalı qarşılanmayıb. Nazirliyin bu qərarını alqışlayanlarla yanaşı, tənqid edənlər də var. Bəzi müşahidəçilər koronavirus xofunun ortadan qalxmadığını, bu üzdən də valideynlərin övladlarını məktəbə göndərmək istəmədiyini iddia edirlər. 

Bəs, təhsil ekspertləri nə düşünürlər? Ənənəvi təhsilin bərpasıyla bağlı qərar bu sektorda hansı dəyişikliklərə səbəb olacaq?

Təhsil eksperti Kamran Əsədov açıqlamasında ilk əvvəl məktəblərdə monitorinq keçirdiklərini diqqətə çatdırıb:

“Biz dünəndən etibarən bu prosesə başlamışıq. Çox təəssüf ki, iştirak faizi kifayət qədər aşağıdır. Hətta Bakı şəhəri üzrə bir neçə məktəbdə şagirdlərin valideynləri gəlib ərizə yazaraq övladlarının dərsdə iştirak etməməsi ilə bağlı müraciət edirlər. Əgər ötən ilin eyni dövründə bu tipli müraciətlər 650 min şagirdin yalnız 10 mini əhatə edirdisə, indi hədsiz dərəcədə çoxalıb. Biz bu gün müəllimlərlə, məktəb mühafizəçiləri ilə sorğu keçirdik. Onlar bildirdilər ki, 2020-ci ilin sentyabrın 15-də dərs prosesində daha çox uşaq iştirak edirdi, hazırda iştirakçı sayı dəhşətli dərəcədə azdır. Hətta elə qruplar var ki, 30-35 şagirddən yalnız 4-ü dərsə gəlir. Bu da özlüyündə iki məsələni problem olaraq ortaya qoyur. Birincisi, dərsdə iştirak etməyən şəxslərin alternativ təhsil alma forması ilə bağlıdır. Çünki hazırda onlara heç bir halda onlayn dərslər keçirilə bilməz. Müəllimin öhdəliyi hətta bir uşaq olsa belə, sinifdə dərsin keçilməsidir. Əgər müəllim həmin 1 uşağa dərs keçirsə, deməli, dərsdə iştirak etməyən digər şəxslərə onlayn dərs keçə bilməz. Onların yeganə imkanı və şansı ona qalır ki, ancaq teledərslər vasitəsilə nələrisə öyrənsinlər”.

Ekspert məktəbə gedə bilməyən şagirdlərin tədris prosesindən kənarda qalmaması üçün problemin həll yolunu da göstərib:

“Düşünürəm ki, problemin həlli üçün ən azından biz 4-cü kursda oxuyan pedaqoji ixtisaslı tələbələrin praktikasını da həll etmək məqsədilə onları sistemə daxil etməliyik. Yəni hansı uşaqlar ki, onlayn dərslərə qoşulmalıdır, amma müəllim əlavə dərs keçdiyi üçün qoşula bilmir, həmin uşaqlara məhz pedaqoji ixtisasa yiyələnən tələbələr dərs keçsinlər. İkinci problem ictimai nəqliyyatdır. Valideynlər narahatdır ki, övladları sıxlıq olan avtobusda gedib-gəlməlir. Bu gün biz bir neçə marşrut xəttinə baxdıq və gördük ki, orada şagirdlərin normal hərəkəti mümkün deyil, yoluxmuş şəxs ola bilər. Ona görə də düşünürəm ki, metro fəaliyyətə başlamalıdır, ictimai nəqliyyatın yükü azalmalıdır”.

Kamran Əsədov Təhsil Nazirliyi indiki situasiyada xüsusi məktəbli avtobusu təşkil etməsinin vacibliyindən də söz açıb:

“Bu da tətbiqi xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki o avtobuslar ancaq şagirdləri daşıyacaq. Hazırda məktəblərə cəlb edilmə bölgələrdə daha aşağı səviyyədədir. Buna üçüncü təsir göstərən məqam məktəblərin isinmə sisteminin çox aşağı olmasıdır. Bu gün bir çox məktəblərin isinmə sistemi ilə bağlı problemi yaşanır. Ümid edirəm ki, bu problemlər həll olunsa, biz növbəti pillələrdə təhsil prosesinin həm bərpasını, həm də keyfiyyətinin artmasını müşahidə edəcəyik. Nazirliyin hazırkı qərarı tam əhatəli deyil. Məsələyə iki tərəfdən baxaq. Təhsil Nazirliyi ənənəvi təhsilin bərpasında maraqlıdır və bunu həyata keçirir, amma bizim valideynlərimiz bu çağırışlara cavab vermir. Qalır alternativ təhsil alma forması, bunun da təşkil edilməsi müşküldür. Müəllim həm ənənəvi, həm də onlayn dərs keçməkdə çətinlik çəkir”.